Erməni hərbi qulluqçusunu öldürüb, cəsədini neytral zonaya atıblar - DETALLAR

2019/11/volod-1572847178.jpg
Oxunub: 7487     14:10     04 Noyabr 2019    
2019-cu il iyulun 24-də işğal altında olan Qarabağın Xocavənd rayonunda dislokasiya olunan erməni ordusunun hərbi hissəsində ölən Valodya Qaloyanın meyitində məhkəmə tibbi ekspertizasının rəyinə görə 22 xəsarət aşkarlanıb. Bu, əsgərin ölümündən əvvəl amansızcasına döyüldüyünə dəlalət edir. Ancaq müstəntiqlər yenə də istintaqı saxta intihar versiyası ətrafında aparmağa davam edirlər. Bu versiyanı istintaq komitəsi hadisənin baş verməsindən cəmi 3 saat sonra yayıb. İstintaq komitəsinin yaydığı məlumata əsasən, əsgər Qaloyan döyüş postunun qazmasına yaxın ərazidə özünə təhkim edilən AK-74 tipli avtomatdan döyüş postunun başçısı istiqamətinə atəş açıb, daha sonra postdan uzaqlaşaraq, özünə qəsd edib

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddəsinin 1-ci hissəsi və 110-cu maddənin 1-ci hissəsi üzrə olmaqla öldürmə cəhdi və intihar həddinə çatdırma təhdidi, amansız münasibət və ya şəxsi ləyaqətin mütəmadi olaraq alçaldılması üzrə açılıb. İkinci qarnizon hərbi prokurorluğunun müstəntiqləri ölümdən əvvəl Qaloyan və post başçısı müqaviləli hərbi qulluqçu Ronald Stepanyan arasında mobil telefon saxlayıb-saxlamamaqla bağlı absurd mövzu ətrafında mübahisə olduğunu təsdiqləyib. Bütün şahidlər bir nəfər kimi hadisə vaxtı Stepanyanın açıq ovcu ilə bir dəfə Qaloyanın sifətinə zərbə endirdiyini deyirlər. Qaloyan isə avtomatı Stepanyanın üzərinə tuşlayaraq, onu öldürmək məqsədi ilə atəş açıb. Ancaq müstəntiqlər qeyd etdiyi kimi Roland qazmada gizlənməyə macal tapıb və ona heç bir güllə dəyməyib. Bunu əsas götürərək, ibtidai istintaq orqanı cinayət işinə xitam verilməsini və Qaloyanı zərərçəkən hesab etməməyi qərara alıb.

İndiki dövrədək zərərçəkən tərəfin əlində olan materiallar onu göstərir ki, müstəntiqlərin irəli sürdüyü versiyanın reallıqla heç bir əlaqəsi yoxdur. Əslində dəhşətli bir qətl baş verib. Cinayət materialları ilə tanış olduqdan sonra cinayət işləri üzrə mütəxəssis, hərbi ekspert və hüquq müdafiəçisi Ruben Martirosyan belə bir qənaətə gəlib. Qaloyanın bədəninə keçirilən məhkəmə tibbi ekspertizası zamanı, bədəninin müxtəlif nahiyələrində 22 bədən xəsarəti aşkarlanıb.

“İş üzrə meyitin xarici görünüşünə baxış həyata keçirən adı və soyadı açıqlanmayan mütəxəssis bu 22 bədən xəsarətini nəzərə almır və cəmi 1 xəsarət haqqında qeydiyyat aparır. Bunu yazan ya mütəxəssis olmayıb, yaxud kor mütəxəssis olub”, - deyə Martirosyan bildirib.

Məhkəmə tibbi ekspertiza həkimi Şavarş Gevorkyanın sözlərinə görə, xəsarətlərin bir hissəsini Qaloyan ölümündən 2-3 gün əvvəl alıb. Əsas bədən xəsarətləri isə ölümündən dərhal əvvəl yetirilib. Ən qəribəsi odur ki, 2-ci qarnizon hərbi prokurorluq istintaq şöbəsinin rəisi M.Şirvanyan ekspertə Qaloyanın neçə güllə ilə öldürülməsinə dair sual verməyib. Onun çənə nahiyəsində iki odlu silah xəsarət dəlikləri aşkarlanıb. Çox ehtimal edilir ki, həmin dəliklərdən 1-dən artıq güllə keçib. Boynunun sol hissəsində 4 qaralmış ocaq aşkarlanıb. Bunları diqqətə alaraq, qeyd etmək olar ki, ölən hərbçiyə 4 və ya daha atəş edilib.

“Bax bu cür şəraitdə ibtidai istintaq orqanı açıq aşkar qətli intihar adlandırır. İstintaq cinayətin ilk günündən Qaloyanın bədənində 22 bədən xəsarətinin olduğunu aşkarlamalı və intihar maddəsi ilə cinayət işi açılmasına ixtiyarı yox idi”, - deyə Martirosyan qeyd edib.

O, əmin edir ki, hadisə yeri dəyişdirilib və saxtalaşdırılıb: “Müstəntiqlər Qaloyanın meyitini guya neytral zonada aşkar ediblər. O, plaş çadıra bükülmüş halda yanında silah aşkarlanıb. Lakin onun çevrəsində, altında, heç bir yerində qan və həmçinin giliz aşkarlanmayıb. Bu, o deməkdir ki, Qaloyan başqa yerdə öldürülüb, daha sonra onun meyiti plaş çadıra bükülmüş vəziyyətdə aparılıb və neytral zonaya qoyulub. Yeri gəlmişkən ibtidai istintaq orqanı əsgərlərin silahlarının ekspertizasını da həyata keçirməyib. İstintaq orqanı Qaloyanın kimin silahında açılan atəş nəticəsində öldürüldüyünü müəyyən etməyə borclu idi. İstintaq orqanı tərəfindən atəş faktı da daxil olmaqla inkar edilib. Sübut olunub ki, əsgər 40 sm-dən 1 metrədək məsafədən açılan atəş nəticəsində qətlə yetirilib. Bu faktın özü də intihar versiyasını inkar edir. İş üzrə istintaqa zidd olan şəraitdə intihar haqqında danışmaq ümumiyyətlə mənəviyyatsızlıqdır. 3 gün davamlı olaraq, bu postda toqquşmalar baş verib. Bu qrup şəklində törədilən qətldir və hazırda biz həmin qətlin kimlər tərəfindən törədildiyini bilmirik”, - deyə ekspert bildirib

Xatırladaq ki, Qətlə yetirilən əsgərin valdeynləri övladlarının intihar etdiyinə qəti şəkildə inanmırlar. Onlar istintaq orqanına etimadsızlıqlarını nümayiş etdirərək, hər hansı dindirilmədən imtina edirlər.

Qeyd edək ki, ibtidai istintaq orqanı açılan cinayət işini hadisədən dərhal sonra bağlamağa cəhd edirdi. Buna əsas olaraq Qaloyanın ölüm səbəbini göstərirdi. İbtidai istintaq orqanı ölmüş hərbi qulluqçuya təqsirkar və ya zərərçəkən olmaqla hər hansı statusun verilməsindən imtina edirdi.

“İnsan haqları naminə jurnalistlər” ictimai təşkialtı tərəfindən yalnız Ermənistan Baş Prokurorluğa ünvanlanan şikayətlərdən sonra vəziyyət dəyişib. Bu günlərdə hərbçinin ölümündən demək olar ki, 4 ay sonra yalnız təşkilatın vəkili Hayarpi Sarkisyan iş üzrə zərərçəkənin hüquqi varisi kimi tanınıb. Yeri gəlmişkən əsgərin yuxarıda qeyd edilən işgəncələrə məruz qalması və bədəninin dəhşətli təsviri haqqında məhkəmə tibbi ekspertizasının rəyi də kifayət qədər gec təqdim edilib. Məqsəd isə baş verənləri gizlətmək olub. Bu da cinayət prosesinin araşdırılmasının gedişatını açıq-aşkar dəyişəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin