Sağlam bədənə, yüksək döyüş hazırlığına malik olan əsgərlər döyüş tapşırıqlarını çevik, dəqiq və vaxtında yerinə yetirir. Bu səbəbdən də şəxsi heyətin fiziki hazırlığına da mühüm yer ayrılır. Bütün hərbi hissələrdə idman meydançaları, bütün növ müasir avadanlıqlarla təchiz olunmuş trenajor sinifləri mövcuddur. Yaradılan şəraitdən lazımınca istifadə edən əsgərlər fiziki hazırlıq dərslərində də fəaldırlar. Bilirlər ki, qələbə çalmaq üçün həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olmalıdırlar.
Fiziki hazırlığa üstünlük verən və daima idmanla məşğul olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Dünyamalıyev deyir ki, hər yaşda idman insanın sağlamlıq cövhəridir. Elçin uşaq yaşlarından idmana maraq göstərdiyini bildirir.
- Atam müharibə iştirakçısı olub. Deyirdi ki, sağlam insanlar döyüşlərdə də fərqlənir. Mən də atamın dediklərinə əməl edib, hər zaman idmanla məşğul olacam.
İdmana həvəs göstərən əsgərlərin idman hərəkətlərinə diqqət edirəm. Onlar turnikdə, paralel qollarda və digər idman qurğularında məşqlərini davam etdirirlər. Məşqlərini yekunlaşdıran əsgərlərlə söhbətimizdə məlum olur ki, günün nizam qaydasına uyğun olaraq, komandirlərinin rəhbərliyi ilə fiziki hazırlıq məşğələsini yerinə yetirirlər. Bilirlər ki, qələbəmiz yaxındadır.
Ordu.az