"Bu vəsaitlərin qənaət edilməsi istiqamətində ən ciddi işləri yerinə yetirməliyik. Burada söhbət hərbçilərin vəziyyətinin yaxşılaşdırılmasına yönələn əlavə ödənişlərdən gedir", - deyə o qeyd edib. Bənzər bəyanatlar və vədlər əvvəllər də müxtəlif rəhbərlər tərəfindən fərqli formada səsləndirilib, lakin yerinə yetirilməsinə aid nümunəyə rast gəlinməyib.
Paşinyanın sözlərinə görə, növbəti vəzifə hərbi sənaye kompleksinin inkişafından ibarətdir: "Mən bu tapşırığın həllini Ermənistanın texnoloji bir ölkəyə çevirilməsi və gələcəkdə ən mühüm fəaliyyətimiz çərçivəsində olan mühəndislik düşüncəsinin inkişaf etdirilməsi ilə bağlayıram".

Paşinyan silahlı qüvvələrin modernləşdirilməsinə dair strateji proqramdan danışaraq bunun gələcəyə yönələn bir proqram olduğunu bildirməklə, heç kimin onun zəruriliyini şübhə altına almadığına diqqət çəkib. Əlbəttə ki, Paşinyan dolayısı ilə orduda gözlənilən kadr dəyişikliyinin əsas islahatların bir hissəsi olacağının anonsunu verirdi.
Lakin indi Ermənistan ordusu təmamilə fərqli bir səbəbə görə cəmiyyətin diqqət mərkəzindədir. Ötən günlər ərzində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanı general-leytenant Levon Mnatsakanyanın işdən qovulduğu barədə məlumatlar yayıldı. Qondarma qurum "rəhbərliyi"nin açıqlaması da ziddiyyətli oldu və bu vəziyyəti daha da mürəkkəbləşdirdi. Bir tərəfdən bu məlumat təkzib edildi, digər tərəfdən isə işğalçı orduda kadr dəyişikliyi barədə qərarların qəbul edilməsinin yalnız rəsmi İrəvan hakimiyyətinə aid olduğu, yəni bu prosedurda qondarma qurumun rol oynamadığı bildirildi. İllərdir ki, Azərbaycan da işğal altında olan ərazilərində yerləşdirilən silahlı birləşmələrin birbaşa İrəvana tabe olduğunu vurğulayır. Artıq bu iddia deyil, sübuta ehtiyacı olmayan aksiomaya çevrildi.
Erməni hərbi ekspert Vahan Badasyan işğal altında olan Qarabağda bir nömrəli hərbi vəzifəyə təyinat və azadetmə barədə maraqlı məqamlara toxunarkən bildirib ki, Qarabağdakı qanunsuz hərbi rəhbərliyin dəyişdirilib-dəyişdirilməməsi məsələsində Paşinyan və Bako Sahakayan arasında mübarizə gedir.
"Hazırda Qarabağdakı erməni hərbi birləşməsinin müdafiə ordusu komandirinin təyinatı və azad edilməsi əmrlərini Ermənistan silahlı qüvvələrinin ali baş komandanı verir. Qarabağ müdafiə nazirinin təyinatını isə Qarabağ rəhbəri verir. Hazırda hər ikisi eyni vəzifə olduğuna görə Paşinyan və Bako Sahakayanın qərarları toqquşur. Lakin vaxtilə bu vəzifələrdə müxtəlif iki nəfər olub".

Təbii ki, ümumən bu mübarizədə Paşinyanın üstün olacağı olacağı şübhəsizdir. Çünki, Sahakyan 2020-ci ilin payızında Ermənistan tərəfindən həyata keçiriləcək qanunsuz seçkilərdə iştirak etməyəcək. Buna görə də o, Paşinyanın qərarları ilə istəsə də, istəməsə də barışmaq məcburiyyətindədir. Cərəyan edən hadisələr fonunda yüksək vəzifə daşıyan "güc strukturları"nın nümayəndələri isə əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər.
Bir tərəfdən qondarma qurumun "milli təhlükəsizlik şurası"nın sədri Vitali Balasanyan, "milli təhlükəsizlik xidməti"nin sabiq direktoru Arşavir Qaramyan və onun tərəfdarları, digər tərəfdən isə Qarabağın sabiq "baş naziri", hazırda Bako Sahakyanın "müşaviri" vəzifəsini tutan, Qarabağdakı ən böyük siyasi qüvvə hesab olunan "Azad Hayrenik" (Azad Vətən) partiyasının rəhbəri Arayik Harutyunyan qarşı-qarşıya gəlib. Sonuncu Ermənistanda çevriliş cəhdləri başladıqdan sonra Nikol Paşinyanın rəhbərlik etdiyi qruplaşmaya keçərək özünün gələcək karyerası üçün perspektivləri maksimum dəyərləndirə bidi.
Paşinyan son seçkilərdə "Daşnaksütun" partiyasının dayaqlarını Ermənistanda sarsıda bilsə də, hələlik bunu Qarabağda bacara bilməyib. Gələcək qondarma qurumun rəhbəri vəzifəsinə "seçkilər"də Paşinyanın "Daşnaksütun" partiyasını, o cümlədən bir sıra hərbi rəhbərlikdə olan şəxsləri sıradan çıxarmaq məqsədilə "Azad Hayrenik" (Azad Vətən) partiyasının rəhbəri Arayik Harutyunyanı dəstəkləyəcəyi gözlənilir.
Ermənistanda baş verən inqilab və parlament seçkilərindəki nəticələr, qondarma quruma təsir etməyə bilməz, çünki buradakı mövcud sistem avtomatik rejimdə fəaliyyət göstərmir, bu və ya digər şəkildə Ermənistanda baş verən hadisələrin birbaşa təsirinə məruz qalır.

"Jamanak" nəşrinin məlumatında da yuxarıda qeyd olunanlar təsdiqlənir: "2020-ci ilin payızında Sahakyan Qarabağın rəhbəri seçilməyəcək və ona görə də hər iki tərəf indidən seçkilərdəki mübarizəyə hazırlaşırlar. Arayik Harutyunyan özünün keçmiş fəaliyyəti və son bəyanatı ilə göstərdi ki, baş nazir Nikol Paşinyanın və Qarabağdakı demokratik islahatlar xəttinin tərəfdarıdır. Ancaq güc strukturlarının təmsilçiləri əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər. Bununla da onlar başa salırlar ki, Qarabağı diktatorluq və hərbi xuntanın yaradılması yolu ilə idarə edəcəklər”, - deyə “2020-ci ilin payızında Sahakyan Qarabağın rəhbəri seçilməyəcək və ona görə də hər iki tərəf indidən seçkilərdəki mübarizəyə hazırlaşırlar. Arayik Harutyunyan özünün keçmiş fəaliyyəti və son bəyanatı ilə göstərdi ki, baş nazir Nikol Paşinyanın və Qarabağdakı demokratik islahatlar xəttinin tərəfdarıdır. Ancaq güc strukturlarının təmsilçiləri əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər. Bununla da onlar başa salırlar ki, Qarabağı diktatorluq və hərbi xuntanın yaradılması yolu ilə idarə edəcəklər".
Parlament seçkilərindən sonra həm Ermənistanda, həm də qondarma qurumda dəyişikliklər labüd idi, çünki bu seçkilərdə inqilab komandası ilə əslində Ermənistanda devrilən kriminal-oliqarx sisteminin tərkib hissəsi olan "hakimiyyət" arasında dərin uçurumlar mövcuddur.
Buna baxmayaraq, yeni hakimiyyət qondarma qurumun onsuz da zəif olan təhlükəsizliyini tam çökdürməmək üçün çalxalanmalar olmadan dəyişiklikləri həyata keçirməyə cəhd edəcək. Bu baxımdan artıq iki gündür ki, yarı-rəsmi səviyyədə bir çox generalların istefası ilə bağlı müzakirələr aparılırdı, lakin onlar rəsmən təsdiqlənməsə də, rədd də edilmirdi. İrəvanda Paşinyan və qondarma qurum "rəhbərliyi" arasında keçirilən görüşdən sonra vəziyyət nisbətən aydınlaşdı.

Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanı general-leytenant Levon Mnatsakanyan vəzifədən azad olunma barədə raport yazmadığını bildirdi: "Mənim heç nədən xəbərim yoxdur".
Əslində, Levon Mnatsakanyan istefasının mümkünlüyünü inkar etmirdi, sadəcə özünün istefa verəcəyini planlaşdırmırdı, başqa sözlə, bunun siyasi qərar olduğunu və siyasi hakimiyyət səviyyəsində həll ediləcəyini sətiraltı vurğulayırdı. Seçki kampaniyası zamanı Nikol Paşinyan orduda baş verən korrupsiya ilə bağlı sərt çıxışlar edirdi. Erməni Baş nazir ad çəkməsə də, lakin hamı onun Sasun Mikaelyanın rezonans doğuran bəyanatına toxunaraq bir sıra generallara cavab verdiyini anlayırdı.
Bununla yanaşı, bu gün qondarma qurumda ortaya çıxan gərginlik, bir tərəfdən Nikol Paşinyan və Sasun Mikaelyanın bəyanatlarının, digər tərəfdən isə etirazlar nəticəsində yaranan qarşıdurmanın nəticəsi hesab edilirdi. Levon Mnatsakanyanın vəzifədən azad edilməsi də Paşinyanın bəyanatlarının ilk nəticəsidir. İndi Ermənistanın yeni rəhbərliyi qondarma qurumda etmək istədiyi mümkün dəyişiklikləri çalxalanma olmadan həyata keçirməyə cəhd edəcək. Ermənistan dövlət strukturları ilə həm qondarma qurum "rəhbərliyi", həm də təhlükəsizlik sistemi arasındakı qarşıdurma ciddi siyasi qərarların qəbul edilməsini tələb etsə də, buna sakit bir şəraitdə nail olunması yaxın zamanlarda mümkün görünmür.

Bako Sahakyana yaxın olan generalların əksəriyyəti hazırda hədəfdədir, onlar ən yaxşı halda istefaya göndəriləcək və bununla sular daha da bulanacaq, istefalar kütləvi hal aldıqda isə etirazlar və ya nümayiş dalğaları qaçılmaz olacaq. Qondarma qurumun "mətbuat katibi" söz-söhbətləri təkzib etməyə çalışsa da, dolayı yolla onları təsdiqləyib: "Biz heç nəyi cəmiyyətimizdən gizləmirdik. Biz həmişə mövqeyimizi cəmiyyətlə bölüşmüşük. Əgər rəsmi məlumat yoxdursa, deməli, biz bu və ya digər məsələni müzakirə etmirik. Bu mövzuda fərziyyələr irəli sürən insanlar mövcuddur. Qarabağda bir neçə adam əksinqilaçı "respublika" haqqında çirkli söz-söhbətlər yayır. Millət, yetər, kifayətdir: heç nə Ermənistanın və Qarabağın birliyini poza bilməz, kiçik bir şüşə içində suyu bulandıraraq balıq tutmağa cəhd etdiyiniz kifayətdir, belə bir şey yoxdur, şüşənin içində də balıq yoxdur".
Lakin cəmi bir gün sonra bu bəyanatın yalan olduğu, yəni Levon Mnatsakanyanın vəzifədən azad edilməsi məlum oldu.
Paşinyanla qondarma qurum "rəhbərliyi"nin qarşılıqlı məqbul həllər tapmağa müvəffəq olması ehtimal edilmir, deməli ortaya çıxan gərginlik qoşunların döyüş qabiliyyətinə də birbaş təsir edəcək. Mnatsakanyanın vəzifədən azad edilərək, əvəzinə Karen Abrahamyanın bu vəzifəyə təyin edilməsi artıq çalxalanmanın başlandığına işarədir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az