Axsaq və yaşlı "Kuznetsov": Aviadaşıyıcı tarixinin canlı "döyüş" əfsanəsi – HƏRBİ EKSPERT (ANALİZ)

2018/10/8-10786812092.jpg
Oxunub: 3333     11:57     31 Oktyabr 2018    
Dok-gəmilərin inşası, təmiri, yüklənməsi və boşaldılması üçün nəzərdə nəzərdə tutulan qurğudur. Üzən doklar isə əlavə olaraq gəmilərin daşınmasını da həyata keçirə bilir.

PD-50 üzən doku dünyanın ən böyük üzən doklarından biridir, 1980-ci ildə İsveçdə SSRİ Hərbi Dəniz Donanmasının sifarişi ilə inşa edilib.

Dokun parametrləri: uzunluğu - 330 m, eni - 67 m, daşıma qabiliyyəti - 80 min ton, göyərtəsinin sahəsi - 23 min kv.metrdir.


Murmanskda yerləşən gəmi təmiri zavodundakı PD-50 üzən dok qəzasında təmir ediləcək yeganə Rusiya aviadaşıyıcı kreyseri "Admiral Kuznetsov" zədələndi. Yerli vaxtla saat 03.30 radələrində dok təmamilə dəniz sularına qərq oldu. Hadisə, çərşənbə axşamı gecə saatlarında, gəminin çıxarılması üçün lazım olan su basması zamanı baş verib. Əvvəlcə Rusiya rəsmiləri və KİV-lər həmişəki kimi çalışan personalın və kreyserin heç bir xəsarət almadığını bildirdilər. Lakin sonradan ağır kranın aşması nəticəsində aviadaşıyıcının gövdəsinə və onun uçuş zolağına zərər dəydiyini, az sonra isə 4 nəfərin xəsarət aldığını, bir nəfərin isə itkin düşdüyünü bildirdilər. 70 tonluq kranın 15 metrlik yüksəklikdən aviadaşıyıcı kreyserin üstünə aşdığı faciəli hadisənin qiymətləndirilməsi hazırda davam edir. Xatırladırıq ki, aviadaşıyıcı kreyserin hazırlanması və bütün təmir prosesləri daim bu dokda həyata keçirilib. Digər doklarını imkanları bu tip kreyseri qəbul etməyə imkan vermir.

İnsanların yaralanmasına və itkin düşməsinə səbəb olan fəlakətli hadisədə dokun sahibi olan "Birləşmiş gəmi tikinti korporasiyası"nın prezidenti Aleksey Rəhmanov xoşbəxtlik elementləri də aşkarlayıb: "Biz artıq zərərin həcmini hesablayırıq. Təxminən 15 metr yüksəklikdən kranın aşması nəticəsində kreyserin göyərtəsinə və korpusuna zərər dəydiyi aydındır, lakin xoşbəxtlikdən bu bəzi "həyati" vacib avadanlığının fəaliyyəti ilə əlaqəli olmayan sahələrdə baş verib".


Tabeliyində çalışan insan həyatı barədə bir kəlmə danışmayan Rəhmanovun "xoşbəxtlikdən" danışması təəssüf doğurmaya bilməz. Aleksey Rəhmanovun qeyd etdiyi "göyərtəyə dəyən zərər" ifadəsinin 4mx5m ölçüsündə dəliyi nəzərdə tutduğu da sonradan məlum oldu.

Rusiyanın İstintaq Komitəsi, təmir işlərinin təşkilində təhlükəsizlik qaydalarının pozulmasının insan ölümünə səbəb olması faktı ilə əlaqədar cinayət işi açıb. Tədqiqatın ilkin məlumatlarına görə, hadisəyə gəmi qaldırma qurğularının texniki nasazlığı səbəb olub. Hadisə nəticəsində zərər görən 5 nəfərdən 4-ü sudan donvurma əlmətləri ilə xilas edilərək xəstəxanaya yerləşdirilib, bir nəfər isə hələ də tapılmayıb.

Səhər saatlarında, kran hələ də daviadaşıyıcı kreyserin uçuş göyərtəsində olub. Yəqin ki, araşdırmalardan və gəminin digər sualtı hissələrinin zədələnməyə məruz qalmadığı yoxlanıldıqdan sonra gəminin kənarlaşdırılmasına başlanılacaq.

Cavabdeh məmurlar, o cümlədən vilayətin qubernatoru son qəzaya, vilayətdə bir neçə gündür davam edən elektrik təchizatında qarın yüksək gərginlikli xətlərə yapışması nəticəsində yaranan fasilənin səbəb olduğunu bildirirlər.

Bu zaman aşağıdakı suallar yaranır:


1. Əgər bu fasilə faciəyə səbəb olacaqdısa, gəminin qaldırma işlərini daha sonraya saxlamaq olmazdımı? Onsuz da "Admiral Kuznetsov" ömrünün çox hissəsini təmirdə keçirib.
2. Bütün şimal ölkələri bu xəttlərin qorunması üçün tədbirlər görürlər. Bəlkə Rusiya ərazilərin abadlaşdırılmasına Suriyadan deyil, əvvəlcə Murmanskdan başlasa yaxşıdır?
3. Dünya gücü olan bir dövlət ən böyük üzən doka bir ədəd generator ala bilmir?


Sualların cavabı əslində hamıya məlumdur. Məsuliyyətsizlik və səriştəsizlik.

Dok yerli vaxtla saat 03.30-da Şimal dənizinin soyuq sularına qərq olaraq ömrünü elektriksiz Murmanska bağışladı.

Analiz hazırlanan zaman "Admiral Kuznetsov" ağır aviadaşıyıcı kreyserinin buksirlə dokdan təhlükəsiz məsafəyə qədər kənara sürükləndiyi barədə məlumatlar yayıldı.


1987-ci ildə suya buraxılan "Admiral Kuznetsov" kreyseri Rusiya HDQ-nin bu sinifdən olan yeganə daşıyıcı gəmisi idi. Rusiyalı hərbi ekspetlər və KİV-lər davamlı olaraq "Admiral Kuznetsov"u ondan daha yüksək sinifə aid olan "Cerald Ford", "Elizabet", "Şarl de Qoll" kimi tam həcmli aviadaşıyıcılarla müqayisə etməklə ciddi məşğul olurdular. Bəziləri isə onları mümkün münaqişə ocaqlarında qarşılaşdıraraq Rusiya kreyserinin taktiki texniki xüsusiyyətlərinə görə dünyanın ən güclü aviadaşıyıcılarından daha üstün olduğunu iddia edirdilər. Təbii ki, bütün bunlar yerli audiotoriyaya hesablanan təbliğat idi. Əslində həmin gəmilərin müqayisəsinin özü belə absurddur. Məsələn, "Cerald Ford" aviadaşıyıcısı 4 ədəd katapultla 20 il avtonom fəaliyyət göstərmək imkanına malikdir, "Admiral Kuznetsov"isə 45 günlük avtonomluğa və cəmi 1 ədəd katapulta malikdir. Əlavə olaraq, yalnız aydın və küləkli havada küləyə qarşı havaya qalxa bilir. Bir dəfə də olsun buksirin müşayiəti olmadan səfərə çıxmayan "Admiral Kuznetsov" kreyseri əslində Rusiya HDD-nin olan-qalan prestijini də məhv etməkdə mühüm rol oynadı. Onu da qeyd etmək lazımdır ki, indiyə qədər bir aydan çox dənizdə qala bilməyən "Admiral Kuznetsov" gəmisi "təmirdə ən çox zaman keçirən daşıyıcı" kimi tarixin qara yaddaşına həkk olunacaq. Hesab edirəm ki, bu barədə artıq əlavə şərhə ehtiyac qalmır.

Ömrünün əsas hissəsini təmirdə keçirən avidaşıyıcıya "döyüş əməliyyatlarında iştirak edib" damğasını vurmaq üçün onu 2016-ci ilin payızında tüstüləyə-tüstüləyə La-Manş boğazından keçirərək Suriyanın Aralıq dənizindəki sahillərinə göndərdilər. "Admiral Kuznetsov" ağır aviadaşıyıcı kreyserinin yenidən Suriya sahillərinə dönməsi, əməliyyatlar zamanı keçirilən təlim uçuşlarında iki ədəd qırıcının itirilməsi ilə yadda qaldı. Onlardan birincisi MiQ-29 KR qırıcısı noyabrın 13-də qəzaya uğrayaraq dənizə düşdü, digər Su-33 isə dekabrın 5-də göyərtəyə enərkən aerofinişerin trosu qırıldı və qırıcı dənizə yuvarlandı. Hər iki qəzada pilotlar katapultla təyyarəni tərk edərək sağ qala bildilər. Sonuncu texniki nasazlıq hadisəsinin aviadaşıyıcılar tarixində analoquna rast gəlmək isə hələlik mümkün deyil.


Gəmi yenidən təmirə dayandırıldı, təmir başa çatar-çatmaz gəmini yenidən və tələsik Aralıq dənizinə yolladılar. 2017-cı ilin oktyabrında Suriya sahillərində təlim uçuşlarında MiQ-29 KR qırıcısı eniş edərkən qəzaya uğradı. Əməliyyat təmirə başlamaq üçün yarımçıq dayandırıldı və gəminin geriyə təmirə qaytarılması qərara alındı.

Yalnız 2015-ci il ərzində Rusiya HKQ qəzalarında 12 ədəd hərbi vasitə itirməyə "nail" olub.

Hər vasitənin itirilməsindən sonra axtarış-xilasetmə xidmətlərinin fasiləsiz əməliyyatlarına başlanılır. Bəzən aylarla sürən əməliyyatların əsas məqsədi pilotların xilas edilməsi kimi qələmə verilsə də, əslində qəzaya uğrayan vasitənin məxfilik təşkil edən avadanlıqlarının, xüsusilə tanınma sistemlərinin tapılması daha mühüm əhəmiyyət kəsb edir.

Qırıcıların göyətəyə enməsi pilotlardan xüsusi və yüksək bacarıq tələb edir. Bu ixtisas hərbçilər arasında ən mürəkkəbi hesab edilir. Rusiya göyərtə aviasiyasından imtina etmək istəmir, bu onun dünya gücünə çevrilmək iddialarına uyğun da gəlmir. Lakin Rusiya onu nəinki inkişaf etdirə bilmir, hətta əlində olan bir kreyserin illərdir ki, təmirini belə tamamlaya bilmir.


Bir neçə dəfə müxtəlif xarici ekspertlər aviadaşıyıcının texniki vəziyyətinin qənaətbəxş olmadığını qeyd ediblər. Məsələn, "The National Interest" keçən ilin əvvəllərində "Admiral Kuznetsov"un texniki cəhətdən döyüşə tam hazır vəziyyətdə olmadığını və onun 2021-ci ilə qədər təmirə ehtiyacı olduğunu yazırdı. Bunu aidiyyəti komandanlığın bilməməsi isə inandırıcı görünmür.

Əldə etdiyim qeyri-rəsmi məlumatlara görə, hazırda Rusiya HKQ həqiqi hərbi xidmətdə olan cəmi 8-10 nəfər ixtisaslı göyərtə qırıcısının pilotuna sahibdir. Bir pilotun göyərtə aviasiyası üçün hazırlanmasına NATO iki il zaman sərf edir. Rusiyada buna 3 il tələb olunsa da, təlimlər bir neçə ayda başa çatır. Lakin soruşulsa ki, bu təlim hansı daşıyıcıda keçirilir, yenə də çavab vermək çətin olacaq.


Çox sayda müxtəlif tipli sualtılar, qırıcılar, gəmilər və s. kağız üzərində yaradılır, sərgilərdə maketləri nümayiş etdirilir, lakin iqtisadi böhran və yerli elektron texnologiyanın inkişaf etməməsi növbəti mərhələyə keçməyə imkan vermir. Aydındır ki, Rusiyanın göyərtə aviasiya məktəbini qorumaq üçün həm üzən doka, həm də aviadaşıyıcıya ehtiyacı var.

Yeni aviadaşıyıcı yeni tərsanədə inşa edilməsə bu ehtiyac, elə ehtiyac olaraq da qalacaq. Bu məqsədlə Çinin potensialından istifadə etmək pis olmazdı. Onlar Rusiyadan həm ucuz, həm keyfiyyətli, həm də daha tez bu vəzifənin öhdəsindən gələ bilərlər. Vəsait tapmaq isə Kremlin daxili problemidir - ya 5-10 milyard tapılacaq, ya da göyərtə aviasiyası ilə vidalaşmaq lazım gələcək. Seçim imkanı elə də geniş deyil. Çünki 80 min ton çəkidə olan dokun qaldırılması və bərpa edilməsi mümkün hesab edilmir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AdmiralKuznetsov   Təmir   Qəza  


Bizi "telegram"da izləyin