Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Livanın “Al-Akhbar” nəşri məlumat yayıb.
İddiaya görə, ABŞ-ın kəşfiyyat və təhlükəsizlik agentliklərinin rəsmiləri BƏƏ-yə məxsus şəxsi təyyarə ilə Dəməş Beynəlxalq Aeroportuna eniş edib. Bu hadisə iyunun sonlarında baş verib.
Onlar aeroporta endikdən sonra maşın karvanı ilə Dəməşqin mərkəzinə gedərək Suriya Milli Təhlükəsizlik İdarəsinin sədri general-mayor Əli Məmlüklə görüşüb.
Görüşün 4 saata qədər davam etdiyi və tərəflərin ölkədə yeddi ildir davam edən müharibəni bir çox aspektdən müzakirə etdikləri irəli sürülür. İddia olunur ki, bu müzakirələrdən sonra amerikalılar Suriya hökumətinə üç şərtlə Əl Tənf və Şərqi Fəratdan çəkilə biləcəklərini bildiriblər. Bu şərtlər İranın ölkədən çıxması, Suriyanın neft gəlirlərində pay haqqı əldə etmək və terrorçularla bağlı kəşfiyyat məlumatlarının qarşılıqlı paylaşılmasıdır.
Xəbərdə qeyd edilir ki, suriyalı rəsmi Əl Tənfi bu şərtlər qarşılığında aşağı dəyərləndirib və edilən təklifi rədd edib.
Ağalar Ağalarlı
Ordu.az