Belaruslu ekspertlər: “Ermənilərə görə heç kim öz maraqlarını qurban verməyəcək”

2018/07/456456_1532089147.jpg
Oxunub: 1906     20:16     20 İyul 2018    
Belarusda İrəvanın Minskin Azərbaycana "Polonez" YARS satması ilə bağlı tənqidinə təəccüblə yanaşdılar. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Euroradio"ya verdiyi müsahibəsində Minskin Azərbaycana "Polonez" YARS satmasının qəbuledilməz olduğunu deyərək, Belarusu KTMT çərçivəsində Ermənistan qarşısında ittifaq öhdəlikləri yerinə yetirməməkdə, başqa sözlə KTMT- yə üzv ölkə kimi müttəfiqinin düşməni olan ölkəni silahlandırmaqda ittiham etmişdi.

Məsələ ilə bağlı belaruslu politoloq, təhlükəsizlik məsələləri üzrə mütəxəssis və "Belarus Security Blog" analitik mərkəzinin rəhbəri Andrey Porotnikov Ordu.az saytına açıqlama verib.


O bildirib ki, Belarus Ermənistandan ötrü öz maraqlarını qurban verməyəcək.

“Ermənistan ənənəvi olaraq KTMT-nin müttəfiqlik ruhuna müraciət edərək iştirakçı ölkələrin təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Bu təşkilatın ümumi dəyərlərə əsaslandığını unudaraq Rusiya və digərləri tərəfindən prioritet olmağı arzu edir. Əslində, KTMT ittifaq deyil, iştirakçı ölkələrlə Moskva arasında ikitərəfli əlaqələrin cəmidir. İrəvanda bu həqiqət nəzərə alınmır və özləri elə göstərirlər ki, bunlardan xəbərsizdirlər. Yalnız Belarus deyil, digər KTMT ölkələri də Bakı ilə əməkdaşlıq əlaqələrində yalnız öz maraqlarını üstün tuturlar. Ermənilərə görə heç kim maraqlarını qurban verməyəcək, xüsusilə də Minsk”, - deyə A.Porotnikov bildirib.

Öz növbəsində, Strateji və Xarici Siyasət Araşdırmalar Mərkəzinin direktoru (Minsk, Belarus) Arseni Sivitski Azərbaycana silah tədarükü üçün Belarusu tənqid edən Ermənistanın regionda silahlanma yarışının səbəbləri unutduğunu bildirib.


“Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycana "Polonez" YARS satılmasını yolverilməz addım adlandırmasından və buna görə Belarusu tənqid etməsindən əvvəl silah çatdırılmasının səbəbləri barədə dərindən düşünməlidir.

Əsas səbəb, Rusiyanın münaqişənin hər iki tərəfinə həm Ermənistana, həm də Azərbaycana silah tədarük etməklə münaqişənin dinamikasını nəzarətdə saxlamasından və Cənubi Qafqazın hərbiləşdirilməsindən ibarətdir.

Lakin Moskva ilə İrəvan arasındakı strateji müttəfiqlik əlaqələrinə görə Kreml Ermənistana üstünlük verir. Buna sübüt olaraq Rusiyanın 2016-cı ildə "İsgəndər" OTRK-nın Ermənistan ərazisində yerləşdirilməsini göstərmək olar.

Bu baxımdan, Belarusun "Polonez" YARS kompleksinin Azərbaycan tərəfindən alınması, Ermənistanın hücum silahlarının yerləşdirilməsinə simmetrik cavabdır. Hesab edirəm ki, Ermənistan belə bir qərar qəbul etməsəydi, Azərbaycana belə bir ehtiyac yaranmayacaqdı. Minsk və Bakı arasında müqavilə, Ermənistanda "İsgəndər" OTRK-nın yerləşdirilməsi xəbərindən dərhal sonra bağlanıb və hərbi güc balansını bərpa etməyə imkan verib”, - deyə A. Sivitskiy bildirib.

Bahram Batyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus-Azərbaycan   Polonez  


Bizi "telegram"da izləyin