Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi toplantısında bildirib.
Onun sözlərinə görə, Macarıstanın razılığı ilə Avropa Sülh Fondunda qalan 6,6 milyard avronun bloklanması aradan qaldırılıb və vəsaitlərin istifadə olunması istiqamətində iş aparılır.
Kallas bildirib ki, əsas ideya Avropa ölkələrinin Ukraynaya göndərdiyi hərbi təchizatın xərcinin ödənilməsidir. Bu addım yükün üzv dövlətlər arasında daha ədalətli bölüşdürülməsinə xidmət etməlidir.
O qeyd edib ki, Aİ diplomatik xidməti vəsaitlərin bölüşdürülməsi ilə bağlı iki layihə hazırlayıb. Birinci layihə Ukraynaya ən çox silah göndərmiş ölkələrə kompensasiyanın verilməsini nəzərdə tutur. İkinci layihədə isə vəsaitlərin bir hissəsinin əvvəlki tədarüklərin kompensasiyasına, digər hissəsinin isə Kiyevə yeni hərbi yardımın maliyyələşdirilməsinə yönəldilməsi təklif olunur.
Ukraynanın bu vəsaitlərdən pay alıb-almayacağı ilə bağlı suala cavab verən Kallas bildirib ki, Avropa İttifaqı bütün tərəflərin maraqlarını nəzərə almağa çalışacaq, lakin heç bir tərəf istədiyinin 100 faizini əldə etməyəcək.
O həmçinin vurğulayıb ki, Ukrayna artıq iyun ayında 90 milyard avroluq maliyyə paketinin ilk tranşından istifadə edə biləcək. Bununla belə, 6,6 milyard avro və Avropa Sülh Fondu ilə bağlı müzakirələr hələ də davam edir.
Söhbət Macarıstan tərəfindən 2023-cü ildən etibarən bloklanmış vəsaitlərdən gedir. Peter Macarın hökuməti daha əvvəl həmin vəsaitlərin Ukrayna münaqişəsi çərçivəsində istifadəsinə qoyulmuş vetonu ləğv etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az