Rusiyalı analitik: “Moskva Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yalnız regional dövlətlər tərəfindən formalaşdırılmasını istəyir”

2026/06/1780899286.jpg
Oxunub: 239     14:49     08 İyun 2026    
“Rusiyanın mövqeyi emosional reaksiyanın deyil, yeni çoxqütblü dünya nizamına uyğun uzunmüddətli xarici siyasət strategiyasının əksidir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Fyodor Lukyanov Rusiyanın son açıqlamalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu bəyanatlarda Rusiyanın xarici siyasət strategiyası və praqmatik yanaşması aydın görünür.

Lukyanov bildirib ki, Moskvanın mövqeyi situativ reaksiyadan və ya ikitərəfli münasibətlərin emosional qiymətləndirilməsindən qaynaqlanmır.

“Bu yanaşma Rusiyanın yeni çoxqütblü dünya nizamının formalaşması və öz maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi uzunmüddətli siyasətin tərkib hissəsidir. Bu yanaşma bir daha Rusiyanın Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yalnız regional dövlətlər tərəfindən formalaşdırılmalı olduğu barədə mövqeyini təsdiqləyir. Xarici müdaxilələrdən uzaq regional təhlükəsizlik mexanizmi Moskva üçün əsas prioritetlərdən biridir.

Məhz bu kontekstdə “3+3” platformasına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Rusiya hesab edir ki, regional ölkələr münaqişələrin həlli prosesində birbaşa iştirak etməli və sonrakı mərhələdə sabitliyin qorunmasına görə məsuliyyət daşımalıdırlar. Qərb isə vasitəçilik təşəbbüsləri adı altında regiona daxil olub və burada öz siyasi gündəliyini irəli aparır”, - deyə analitik bildirib.

Lukyanov qeyd edib ki, Ukraynadakı müharibəyə baxmayaraq, Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyətini qoruyur.

Onun fikrincə, region Moskva üçün qlobal Cənuba çıxış qapısı rolunu oynayır və bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

“Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyəti Moskva üçün prioritet geoiqtisadi məsələlərdən biridir. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə yaxınlaşdırılması və Avrasiya İnkişaf Bankının fəaliyyətinə cəlb olunması ilə bağlı təkliflər də eyni strateji xəttin tərkib hissəsidir”, - deyə Lukyanov vurğulayıb.

Analitik əlavə edib ki, hazırkı geosiyasi mərhələdə Rusiyanın siyasəti strateji səbir nümayiş etdirir və mürəkkəb dövrlərdə belə konstruktiv dialoqdan imtina edilmədiyini göstərir.

“2020-2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmalara müntəzəm istinad etməklə Moskva İrəvan və Bakıya xatırladır ki, hüquqi baxımdan yalnız Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlər konkret yol xəritəsi statusuna malikdir.

Qlobal qarşıdurma fonunda böyük resurslar səfərbər edilməsinə baxmayaraq, Rusiya “yumşaq güc” və iqtisadi inteqrasiya alətləri vasitəsilə Cənubi Qafqazdakı təsir imkanlarını qorumağa çalışır. Lakin Qərbin artan fəallığı bu prosesi daha mürəkkəb edir.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Vaşinqton və Avropa İttifaqı regionda eyni siyasəti həyata keçirmirlər. ABŞ öz gündəliyini, Avropa İttifaqı isə öz prioritetlərini irəli aparır. Bu iki yanaşma hər zaman üst-üstə düşmür və bu, onların Rusiyaya münasibətində də açıq şəkildə müşahidə olunur”, - deyə o qeyd edib.

Lukyanov deyib ki, məhz buna görə də hazırkı mürəkkəb geosiyasi mərhələdə Cənubi Qafqazda fəaliyyət göstərən bütün güc mərkəzləri öz gündəliklərini daha fəal şəkildə irəli aparmağa və regionda mövqelərini möhkəmləndirməyə çalışırlar.

“Bununla belə, keçid dövrünə xas geosiyasi proseslər davam edir və Rusiyanın xarici siyasət strategiyası da bu dəyişikliklərə uyğun şəkildə transformasiya olunur”, - deyə Lukyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukyanov   Moskva   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin