Səfir: "Litva və Azərbaycanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var"

2025/09/1758085450.jpg
Oxunub: 187     13:13     08 İyun 2026    
Azərbaycan və Litvanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var ki, bunun nəticəsində hər iki ölkə görkəmli ziyalı nümayəndələrini, din xadimlərini, siyasi xadimlərini və on minlərlə vətəndaşını itirib.

Ordu.az xəbər verir ki, bu barədə Litvanın Bakıdakı səfiri Kyastutis Vaşkelyaviçyus Azərbaycan və Litvanın siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, iki ölkəni ayıran minlərlə kilometr məsafəyə baxmayaraq, Litva və Azərbaycan xalqlarını oxşar tarixi təcrübə birləşdirir.

"Litvalılar və azərbaycanlılar bir-birindən minlərlə kilometr uzaqda yaşaya bilərlər, lakin xalqlarımızı keçmişin faciəvi səhifələri birləşdirir. Həm Litva, həm də Azərbaycan sovet repressiyalarından əziyyət çəkib. Hər iki ölkə - yeganə "günahı" öz millətinə, inancına, mədəniyyətinə və azadlığına sevgisi olan görkəmli ziyalılarını, müəllimlərini, siyasi və din xadimlərini və sıravi vətəndaşlarını itirib", - diplomat qeyd edib.

O vurğulayıb ki, kütləvi həbslər, edamlar, deportasiyalar minlərlə insanın taleyini məhv etdi: "Onların çoxu Sibir sürgünündən geri qayıtmadı, bütöv ailələr isə sürgündə yox oldu. Ağır sınaqlara baxmayaraq, insanlar öz dilini, mədəniyyətini və evə qayıtmaq ümidini qoruyub saxlayırdılar".

Səfir, həmçinin Stalin repressiyaları illərində Azərbaycan ziyalılarının faciəsini xatırladıb, görkəmli şair Mikayıl Müşfiqin taleyini xüsusi qeyd edib: "O, öz əsərlərində nikbinliyi və həyata inamı əks etdirirdi, lakin özü azad fikirdən və müstəqillikdən qorxan bir sistemin qurbanına çevrildi. Şairi susmağa məcbur edəndə, xalq öz səsinin bir hissəsini itirir".

Tədbir zamanı digər görkəmli Azərbaycan ədəbiyyat xadimlərinin - Əhməd Cavad və Hüseyn Cavidin talelərinə də xüsusi diqqət yetirilib. Həmçinin sovet hakimiyyətinin repressiv siyasətinin qurbanı olmuş Litva xalqının tanınmış xadimləri də xatırlanıb.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Milli Məclisin deputatları, tarixçilər, eləcə də Mikayıl Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış ediblər.

Onlar gənc nəslin maarifləndirilməsi üçün totalitar rejim qurbanlarının xatirəsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Azərbaycan  


Bizi "telegram"da izləyin