Ordu.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan iyunun 8-də jurnalistlərlə görüşü zamanı parlamentə neçə siyasi qüvvənin keçəcəyi ilə bağlı suala cavab verərkən deyib.
O bildirib ki, səslərin yenidən hesablanması və yekun nəticələrin təsdiqlənməsi başa çatmadan bu məsələ ilə bağlı qəti fikir söyləmək mümkün deyil.
“Yenidən sayım tamamlanmadan və nəticələr yekunlaşdırılmadan dəqiq heç nə deyə bilmərik. Mandatların hesablanması qaydası qanunla müəyyən olunub. Qanuna əsasən, seçki baryerini keçən siyasi qüvvələrin topladığı səslər 101-ə vurulur, daha sonra mandat bölgüsündə iştirak edən siyasi qüvvələrin ümumi səs sayına bölünür. Hazırda bizim əlimizdə dəqiq rəqəmlər yoxdur. Bundan əlavə, mandat bölgüsündə son nəticədə üç, yoxsa dörd siyasi qüvvənin iştirak edəcəyi də hələ məlum deyil. Çünki ümumi səs mənzərəsi bu amildən asılı olaraq dəyişə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan MSK-nın ilkin məlumatlarına əsasən səslər aşağıdakı kimi bölünüb:
“Vətəndaş Müqaviləsi” partiyası - 49,825 faiz
“Güclü Ermənistan” partiyası - 23,281 faiz
“Hayastan” bloku - 9,934 faiz
“Çiçəklənən Ermənistan” partiyası - 3,996 faiz
Bu nəticələrə əsasən, “Çiçəklənən Ermənistan” partiyası seçki baryerini keçə bilmədiyi üçün mandat bölgüsündə iştirak etməyəcək. Lakin partiyanın topladığı səs faizi 4 faizlik baryerə çox yaxın olduğundan, yekun hesablamalarda bu həddi keçəcəyi təqdirdə mandat bölgüsünə qoşulacaq və parlamentdə təmsil olunmaq hüququ qazanacaq.
Alpər Mövludoğlu
Ordu.az