Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun müddətdir gözlənilən dəvət dünən sammitin ilk gününün yekunlaşmasından sonra elan edilib.
“2008-ci il Buxarest Sammitində biz NATO-nun BMT çərçivəsində ad məsələsi həll edilən kimi Makedoniyaya alyansa qoşulmaqla bağlı dəvət göndərməyə razılaşdıq. Biz Afina və Skopye arasında ad problemi üzərində əldə edilən tarixi razılaşmadan məmnunluğumuzu ifadə edirik. Öz siyasi xəttimizə uyğun olaraq, alyansa üzvlüklə bağlı danışıqlara başlamaq üzrə Skopyeyə dəvət göndərməyə qərar verdik”, - deyə sammitin bəyannaməsində qeyd olunub.
Qeyd edək ki, bu vaxta qədər Makedoniya ilə Yunanıstan arasında mövcud olan ad problemindən dolayı Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünə veto qoyub. Lakin iki dövlət arasında ötən ay əldə edilən anlaşmaya əsasən, Makedoniya dövlətinin rəsmi adının Şimali Makedoniya Respublikası olaraq dəyişilməsi şərti ilə Yunanıstan onun NATO-ya üzvlüyünə razılıq verməyi öz öhdəsinə götürüb.
Ağalar Ağalarlı
Ordu.az