Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun kapitanı Rubik Martirosyan, onu ordudan azad etmək üçün müdafiə nazirliyini müəyyən öhdəlikləri yerinə yetirməyə məcbur etmək məqəsdilə məhkəməyə müraciət edib.
Məlumata görə, Rubik Martirosyan məhkəməyə müraciət edərək, təhsildən sonra müqaviləli hərbi xidmətin tam xidmət etmədiyi hər il üçün 1 milyon erməni dramı həcmində cərimə edilməsindən azad olunmaqla, silahlı qüvvələrdən buraxılmasını və ehtiyatda qeydiyyata alınmasını tələb edir.
Məhkəmə iddiaçının müraciətinin qanunauyğun olduğunu hesab edərək, icraata qəbul edib. Məhkəmə işin səmərəli araşdırılması məqsədilə 15 mart tarixində ilkin məhkəmə iclası keçirilməsini zəruri hesab edib.
Xatırladaq ki, keçən il Ermənistanda zabitlərin xidmət müqavilələrində dəyişikliklər edildiyi barədə məlumat verilmişdi. Əvvəllər əgər zabit Ermənistan müdafiə nazirliyi ilə 20 il müddətinə müqavilə bağlayaraq, 10 il xidmət müddəti başa çatmamış xidmətdən imtina edirdisə, məcburi qaydada hər bir xidmət etmədiyi il üçün 250 000 erməni dramı ödəməli idi.
Hazırda Ermənistanda 2007-ci ilin məzunu olan zabitlərlə köhnə müqavilələri qüvvədən düşmüş hesab etməklə, yeni müavilə bağlamağa məcbur edirlər. Yeni müqaviləyə əsasən xidmətdən imtina edildiyi halda zabitlərin xidmət etmədiyi hər il üçün 1 milyon dram cərimə ödənilməsi tələb olunur.
Alpər Mövludoğlu
Ordu.az