Ordu.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiosuna verdiyi müsahibədə Amerikanın xarici siyasət şurasının analitiki Stiven Blank bildirib.
Blankın sözlərinə görə, rus silahlarının Cənubi Qafqaza göndərilməsinin dayandırılması, tərəflərin sülh əldə etməsinə yardım edər.
"Dövlət səviyyəsində rus silahları alanlara müəyyən istisnalar edilsə də, istənilən halda Rusiyadan iri həcmdə silah alan ölkələr, o cümlədən Azərbaycan və Ermənistan surprizlərlə qarşılaşa bilər. Ümumiyyətlə bütöv bir hökümətə sanksiyalar tətbiq etmək olar", - deyə o daha aqressiv çıxış edib.
Atlantika şurasının analitiki, keçmiş səfir Con Herbst rus silahı alan hökümətlərə qarşı sanksiyaların tətbiq edilməsi ehtimalının az olduğunu qeyd etməklə yanaşı əlavə edir ki, sanksiyalar tətbiq edilən rus hərbi sənayesi müəssisələri ilə müqavilə bağlayanlar onun nəticələrinə də hazır olmalıdırlar.
Herbstə görə, yeni sanksiyalar Rusiya tərəfindən Sovet İttifaqının bərpasına cəhd etməsini nəzərə almaqla zəruri hesab edilir.
"Əgər Putin keçmişə yenidən baxmaq arzusundadırsa, bizim işimiz onu zəiflətmək, aqressiv əməliyyatlar həyata keçirmə resurslarını aşağı salmaqdır. Rusiya rəsmiləri bunu qəbul etməsə də, sanksiyalar Rusiyanın yuxarı təbəqələrinə də təsir edir", - deyə analitiklər eyni qənaətdədirlər.
Blank Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Ermənistanla da bağlılığına toxunub: "Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanın maraqlarına cavab verir. Çünki belə vəziyyətdə Ermənistan Rusiyanın təzyiqlərindən azad ola və digər tərəflərlə bərabər münasibətlər yarada bilər.
Lakin Qarabağ münaqişəsi həll edilməyincə bu mümkün deyil. Ona görə ki, Qarabağ münaqişəsi həll edilməyincə Türkiyə Ermənistanı blokada vəziyyətində saxlayacaq" - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az