"İrandakı qeyri-sabitlik Qarabağ münaqişəsinə təsir edə bilər" - İranlı politoloq

2018/01/eng150260660813345345_1515493062.jpg
Oxunub: 1730     18:15     09 Yanvar 2018    
"Bölgədə, o cümlədən İranda istənilən qeyri sabitlik Dağlıq Qarabağ münaqişəsinə təsir edə bilər".

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə müsahibəsində iranlı politoloq Kayhan Barzeqar İranda dekabrın 28-dən başlayaraq genişlənən və hazırda nisbətən səngiyən kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş verən aksiyalar son 10 ildə İran üçün ciddi hadisə olub. Bu aksiyalardan İran hakimiyyəti zəruri siyasi və iqtisadi nəticələr çıxaracaq. Barzeqarın sözlərinə görə, İranda daxili sosial tərkibli problemlər çoxdur, bunu İran prezidenti Həsən Ruhani də qəbul edir.

"İranın xarici siyasət problemlərini və düşmənlərin siyahısını nəzərə alaraq, hakimiyyətin iddia etdiyi kimi bu problemlər qeyri-müəyyən vaxtadək təxirə salınmalı deyil, həllini tapmalıdır. Onlar dərk edir ki, yaranmış vəziyyətdən Vaşinqton kifayət qədər istifadə etdi. Onlar çaxnaşmalara daha geniş vüsət verməyə cəhd etdilər. Qərbin rəsmi və qeyri-rəsmi mövqelərinə baxarkən bunu görmək mümkündür. Diqqət edin, baxın bir neçə gün ərzində ABŞ İran hadisələrinə neçə dəfə münasibət bildirib. Xarici qüvvələr İran prezidentinə göstərdi ki, hər hansı əks-hücum addımı atdığı təqdirdə ölkədən yığılıb qalan bütün etiraz dalğasını ona qarşı qaldıra bilər və təşkil edə bilərlər. İran prezidenti hazırda bunu nəzərə almaya bilməz. Hakimiyyət bir sıra həbs olunanları azad etməklə etiraz aksiyalarının genişlənməsini və nəzarətini ələ ala bildi", - deyə Barzeqar bildirib.

İranlı politoloq, bölgədəki dövlətlərin maraqlarının geniş və müxtəlif olduğunu nəzərə alaraq, qeyri-sabit vəziyyətin yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola biləcəyini qeyd edib:

"Rus-türk münaqişəsini yada sala bilərik, bu gərginlikdən sonra Qarabağda qısa müddətli müharibə baş verdi. Beləliklə qeyri-sabitlik, həll edilməmiş İranın qonşuluğunda yerləşən Qarabağ kimi münaqişə ocaqlarında vəziyyəti daha da gərginləşdirə bilər".

Lakin iranlı politoloq bölgəyə mənfi təsir edəcək qədər İranda vəziyyətin gərginləşəcəyinə və dərinləşəcəyinə inanmadığını deyib. O, bildirib ki, İran hakimiyyət orqanları yaranan vəziyyətdən nəticə çıxaracaq və gərginliyin dərinləşməsinə imkan verməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İran   Müharibə  


Bizi "telegram"da izləyin