Düşmən təxribatları: 2017-ci ildə cəbhədə nələr baş verdi? - YEKUN HESABAT

2017/12/photo_14164123123_1514704987.jpg
Oxunub: 662     14:59     31 Dekabr 2017    
Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda 3802, oktyabrda 3519, noyabrda 3722, dekabrda isə 4007 dəfə olmaqla, il ərzində atəşkəs rejimini 40732 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri il ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, snayper tüfənglərindən, 122 millimetrlik D-30 haubitsalardan, D-44 toplarından, piyada döyüş maşınlarından istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

İl ərzində baş verən düşmən təxribatlarını təfərrüatları ilə təqdim edirik.

Yanvar

2017-c ilin ilk ayında düşmən cəbhədə və Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti növbəti dəfə, məqsədyönlü şəkildə gərginləşdirmək üçün təxribatlara əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Belə ki, yanvarın 12-də Ermənistan tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu, dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə, xüsusilə də uşaqlara xəsarət yetirmək məqsədini güdür.


Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.

Yanvar ayının ortalarında işğal altında olan Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Şəhidimizin qanı qurumamış, ayın 15-də İrəvan mərkəzi kliniki hospitalında 2016-cı il dekabrın 30-da təxribata cəhd edərkən yaralanan 1996-cı il təvəllüdlü Qarik Artaşes Vardanyan ölüb.

Ermənistan silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Nəticədə, yanvarın 18-də işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqelərində atəşkəsi pozan 1997-ci il təvəllüdlü Andranik Smbat Musikyan məhv edilib.

Yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.


Bununla yanaşı həmin gün işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqelərində atəşkəsi pozan 1995-ci il təvəllüdlü Karen Marat Ulubabyan məhv edilib. Həmçinin təxribata cəhd edən daha bir əsgər, Aleksey Sergey Avanesyan yaralanıb.

Fevral

Bu ayda isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu bir neçə dəfə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə daxil olmağa cəhd göstəriblər.

Əməliyyat şəraitinə uyğun olaraq dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin kəşfiyyat-diversiya qrupu, müxtəlif mühəndis qurğuları, atəş nöqtələri, düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitələri Azərbaycan Silahlı Qüvvələrinin sərrast atəşi ilə məhv edilib. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub. Bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

Növbəti gün, işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqlərində təxribata cəhd edən 1997-ci il təvəllüdlü Qor Hamazasp Qareqinyan məhv edilib.

Fevralın 7-də saat 16:55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib. Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

MN tərəfindən fevralın 8-də yayılan videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.



Təsadüfi deyil ki, düşmən həmin gün iki itgi və yaralısı olduğunu açıqlayıb. Belə ki, işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqlərində təxribata cəhd edən 1979-cu il təvəllüdlü müqaviləli hərbi qulluqçu Qeğam Henrik Manukyan məhv edilib. Həmin gün Qarabağın Ağdərə istiqamətində təxribata cəhd edən 1998-ci il təvəllüdlü Koryun Kamo Kirakosyan ağır yaralanıb.

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.



Təsadüfi deyil ki, düşmən fevralın 15-də hərb hissəyə məxsus T-170 buldozeri dərəyə "yuvarlanması" və bir hərbçinin ölməsi, digərlərinin yaralanması barədə məlumat yayıb. Müqavilə əsasında xidmət edən hərbçilər Qareqin Hakop Minasyan, Armen Mixayel Puxan və Vruyr Firdusi Nersisyan hadisə nəticəsində ağır xəsarət alıb. Qareqin Hakop Minasyan hospitala aparılarkən yolda ölüb.

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.



Növbəti gün, günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Azərbaycan şəhidinin qisası cəmi bir gün sonra alınıb. Səhəri gün, işğal altında olan Qarabağda yerləşən hərbi hissələrdən birinin döyüş mövqlərində atəşkəsi pozan müqaviləli hərbi qulluqçu, kapitan Qor Frunzik Xudinyan məhv edilib.

Fevralın 23-dən 24-ə keçən gecə ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.



Fevralın 24-dən 25-nə keçən gecə isə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim və Əhmədov Elvin Süleyman oğlu şəhid olublar.

Səhəri gün mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib. Düşmən itkilərə məruz qalıb.


İki gün sonra Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.



Həmin gün 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyyə edilib.

Fevralın 28-də Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqelərində təxribatçı qrup partlayıcı qurğunun işə düşməsi ilə müxtəlif bədən xəsarətləri alıb. Nəticədə müddətli hərbi qulluqçular Narek Qevorq Qriqoryan, Perc Armen Qabrielyan və Erik Samvel Sahakyan yaralanırlar.

Mart

Ayın ilk günü axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verib.



Təbii ki, düşmən yenə də hər zaman olduğu kimi, itgilərini gizlədir və yalnız bir hərbi qulluqçusunun adını açıqlamaqla kifayətlənir. Məlumata görə, işğal altında olan Qarabağın cənub-şərq hissəsində ağır qəlpə yaraları alan 1980-cı il təvəllüdlü müqaviləli hərbi qulluqçu Nver Yurik Babacanyan məhv edilir.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.



Həmin gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq atəşlə məhv edilib. Daha sonra günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.


Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Ayın 12-də isə müdafiə nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində isə düşmən 5 nəfərədək itki verib.



Düşmən itgilərini yalnız ayın sonunda hissə-hissə açıqlayıb. Martın 28-də yayılan məlumata görə, işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birində təxribata cəhd edən 1997-ci il təvəllüdlü əsgər Artak Edik Rafayelyan məhv edilib.

Düşmən martın son günü daha bir itgi verdiyini açıqlayıb. İşağl altında olan Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində təxribata cəhd edən 1993-cü il təvəllüdlü müqaviləli hərbi qulluqçu Qor Qevorq Hovhannisyan məhv edilib.

Aprel

Aprel ayında Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirib.

Belə ki, ayın 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 mm-lik minaatanlardan istifadə etməklə, Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Aprelin 17-də Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən 1997-ci il təvəllüdlü Tatul Aramayis Harutyunyan yaralanıb.

Bir neçə gün sonra, ayın 24-də isə Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hisələrin birinin döyüş postunda atəşkəsi pozan 1997-ci il təvəllüdlü Narek Hmayak Harutyunyan məhv edilib.


Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən istifadə edilib. Buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Növbəti gün düşmənin daha bir təxribatçı əsgəri zərərsizləşdirilib. Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrindən birinin döyüş mövqeyində təxribata cəhd edən 1998-ci il təvəllüdlü Mher Feliks Arzumanyan məhv edilib.

May

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətlərini davam etdirir. Mayın 4-də Ermənistan müdafiə nazirliyinin hərbi hisələrindən birinin bölük komandiri, kapitan Şiraz Kamo Sahakyan hərbi hissənin döyüş mövqelərində təxribata cəhd edəkən mina partlayışına düşərək sol ayağı və əllərindən xəsarətlər alıb.

Müdafiə nazirliyinin həmin gün yaydığı məlumata görə, aparılan tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib və önləyici tədbirlər nəticəsində düşmənin planı vaxtında aşkar olunub.

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.



Məlumat üçün bildiririk ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Beş gün sonra, saat 07:20 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqelərində 1996-cı il təvəllüdlü əsgər Karen Sarıbek Danielyan məhv edilib.

Ayın 26-da isə yenə də Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində müqaviləli hərbi qulluqçu 1996-cı il təvəllüdlü Armen Rafik Harutyunyan məhv edilib.

Mayın 30-da işğal altında olan Qarabağın ön xəttində atəşkəsi pozmağa çalışan əsgər Alik Smbat Avanesyan sağ budunun aşağı nahiyəsindən yaralanıb.

Səhəri gün cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib və Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.



Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.


İyun

İyun ayında Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədib, Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Ayın ilk günündə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Azərbaycan Ordusu tərəfindən atəşlə dağıdılıb.



İyunun 15-16-da düşmən təxribatının qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Həmin gün işğal altında olan Qarabağın döyüş postlarından birində təxribata cəhd edən 3 düşmən hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Arayik Rudik Matinyan, 1997-ci il təvəllüdlü Vigen Jirayr Petrosyan və 1997-ci il təvəllüdlü Vardan Tsovak Sarkisyan məhv edilib. Həmçinin Qarabağın döyüş postlarından birində təxribata cəhd edən Myasnik Martin Hovhannisyan və Vardan Armen Harutyunyan yaralanıb.

İyunun 17-də isə səhər saatlarında Qarabağın şimal istiqamətində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü əsgər Narek Tiqran Qasparyan Azərbaycan ordusunun cavab atəşi ilə məhv edilib və Yuri Zakaryan isə yaralanıb.

Üç gün sonra axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun bir üzvü - 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuş Zaver Hovanis Karapetyan ələ keçirilib.



Bundan başqa, iyunun 21-də və 22-də Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) da məhv edilib.

İyul

Bu ay Ermənistan əsas diqqətini mülki sakinlərin qətl edilməsinə yönəldib. Belə ki, iyulun 4-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

İyulun 7-də Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, düşmənin tabor mərkəzinə daxil olan bölmələrinin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.



Aparılan əməliyyatlar nəticəsində düşmən yalnız yaralanan hərbi qulluqçuların bir qisminin adını açıqlayıb. Belə ki, 1969-cu il təvəllüdlü Robert Novruz Qasparyanın, 1997-ci il təvəllüdlü Hambardzum Karapet Harutyunyanın və 1998-ci il təvəllüdlü Vahe Qaqik Badalyanın müxtəlif dərəcəli qəlpə yaraları aldığı bildirildi.

İyulun 10-da isə işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən 1997-ci il təvəllüdlü əsgər Vazgen Jirayr Poğosyan məhv edilib. Bundan başqa düşmən rəsmi olaraq, iyul ayına iki itgi verdiyini açıqlasa da, digər hərbi qulluqçusunun adını açıqlanmayıb.

Eyni zamanda, iyulun 25-də Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib. Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Bundan əlavə, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Avqust

Avqustunun ilk günündə Tavuş vilayətinin ön mövqelərinin birində təxribata cəhd edən müqaviləli hərbi qulluqçu 1986-cı il təvəllüdlü Armen Mexak Nazluxanyan yaralanıb.

Ayın 8-də isə gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.



Avqustun 14-də işğal altında olan Qarabağın şimal-şərq istiqamətində təxribata cəhd edən 1998-ci il təvəllüdlü əsgər Arman Samvel Movsisyan məhv edilib. Avqustun 27-də isə Xankəndi mərkəzi hərbi hospitalında ağır yaralanan, cəbhədə təxribata cəhd edən müqaviləli hərbi qulluqçu 1991-ci il təvəllüdlü Artak Ağas Bişaryan ölüb.

Sentyabr

Sentyabr ayında cəbhədə nisbətən sakitçilik olmasına baxmayaraq, düşmən bu ayda da bir sıra təxribatlara cəhd edib. Ayın ilk günüdə işğal altında Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrindən birində 1998-ci il təvəlldülü Hayk Qaqik Xaçatryan təxribata cəhd edərkən mina partlayışına düşüb. Nəticədə təxribatçı erməni əsgəri ölüb.

Daha bir hadisə ayın axırlarına doğru, sentyabrın 28-də baş verib. Belə ki, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən daha bir əsgər, 1998-ci il təvəllüdlü Seyran Manvel Sarkisyan məhv edilib.

Oktyabr

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən təşkil edilən təxribatın qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Bundan əlavə, ötən günlər ərazində Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Nəticədə, düşmən təxribatının qarşısını alan bölmələrimiz cavab atəşi ilə Çaplin Armen Markaryan və işğal altında olan Qarabağın şimal-şərq istiqamətində Tiqran Armenoviç Xaçatryan adlı erməni əsgərlərini məhv edib.

Noyabr

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub. Atəş nəticəsində, Ağabəy Rüstəmovun fərdi təsərrüfatına və mülkiyyətinə ciddi ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Bundan əlavə, noyabrın 21-də saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postundan təxribata cəhd edən erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüblər.

Dekabr

Dekabrın 11-də Ermənistan sərhəddinin şimal-şərq istiqamətindəki ön xətt mövqelərində təxribata cəhd edərkən mina partlayışı nəticəsində erməni əsgəri 1998-ci il təvəllüdlü Artur Qarik Danielyan yaralanıb.

Ümumiyyətlə ilin son ayı ərzində düşmən təxribatları davam edib. Belə ki, dekabrın 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Düşmən ayın sonlarına yaxın mövqelərimiz üzərində PUA-lardan istifadə etməyə cəhd edib. Nəticədə, dekabrın 25-də günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.


Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atəşkəs   Cəbhə   Təxribat  


Bizi "telegram"da izləyin