Ordu.az xəbər verir ki, bunu "İnterfaks"a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Karasin, oktyabr ayında Cenevrədə uzun fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb.
"Sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu", - deyə Karasin qeyd edib.
Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olunduğunu bildirən nazir müavini, onlarla bağlı konsensusa nail olunmadığını da bildirib: "Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".
Ordu.az