Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Ermənistanın Avropa inteqrasiyası köpükdür.
“Baş nazir Nikol Paşinyanın “qərbyönümlü siyasəti”nin arxasında üç əsas səbəb dayanır. Paşinyanın həyata keçirdiyi siyasət türkçülük layihəsi ilə üst-üstə düşür və bu layihənin arxasında təkcə Türkiyə deyil, həm də Böyük Britaniya dayanır. Bu iki ölkə Avropa İttifaqının üzvü deyil və buna görə də hakimiyyət Avropa perspektivi görüntüsü yaratmaqla reallığı gizlədir”, - deyə Aşotyan qeyd edib.
Siyasətçi ikinci səbəb kimi “Avrointeqrasiya” mövzusunun seçicilərə asanlıqla təqdim edilə bilən cəlbedici siyasi şüar olduğunu göstərib.
Onun fikrincə, Paşinyan bu mövzunu öz siyasi müttəfiqlərindən mənimsəyərək seçki kampaniyasında istifadə edib.
Aşotyan üçüncü səbəb kimi isə Paşinyanın hakimiyyətini qorumaq məqsədilə Qərbdə özünə siyasi dəstək bazası formalaşdırmağa çalışdığını qeyd edib.
Onun sözlərinə görə, bu məqsədlə əsas müxalif qüvvələrin “rusiyameyilli” kimi təqdim olunması siyasəti həyata keçirilib.
“Əgər Ermənistanın həqiqətən Avropa perspektivi olsaydı, ilk növbədə Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) icrası ilə bağlı geniş audit aparılmalı idi. Auditin nəticələri dərc edilməli və aşağı nəticə göstərən məsul şəxslər vəzifədən uzaqlaşdırılmalı idi”, - deyə o bildirib.
Erməni siyasətçi həmçinin ölkədəki bütün siyasi məhbusların azad edilməsinin və siyasi motivli təqiblərin dayandırılmasının vacibliyini vurğulayıb.
“Brüsseldən Ermənistanın gələcəkdə Avropa İttifaqına üzv ola biləcəyini təsdiqləyən hüquqi qüvvəyə malik sənəd təqdim olunmalı idi. Ermənistan üçün Avropa İttifaqına üzvlük yolunda hansı əlavə şərtlərin tətbiq olunacağı da əvvəlcədən açıqlanmalıdır”, - deyə o qeyd edib.
Aşotyan misal olaraq Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsinin gələcəkdə belə şərtlərdən biri ola biləcəyini qeyd edib.
O, hökumətdə ayrıca Avropa inteqrasiyası və islahatlar nazirliyinin yaradılmasını da zəruri addımlardan biri kimi göstərib.
“Moldovada tətbiq olunan “Growth and Resilience Facility” proqramına bənzər şəkildə Ermənistanın islahatlarına dəstək üçün Avropa İttifaqı tərəfindən xüsusi maliyyə mexanizmi yaradılmalı idi. Bu addımlarla yanaşı referendum keçirilməsi, Avropa İttifaqına rəsmi müraciət olunması və namizəd ölkə statusunun verilməsi kimi proseslər də gündəmə gətirilə bilərdi”, - deyə Aşotyan virğulayıb.
O bildirib ki, nə Brüssel, nə də İrəvan sadaladığı addımları atmağa hazır görünür və buna görə də “Avrointeqrasiya” ilə bağlı mövcud ritorikanın ciddi əsasları yoxdur.
Alpər Mövludoğlu
Ordu.az