Ermənistanda məhkəmə Gorus meri ilə bağlı Probasiya Xidmətinin təqdimatını təmin etməyib

2026/06/1782288249.jpg
Oxunub: 224     12:07     24 İyun 2026    
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gorus meri Aruş Aruşanyanla bağlı Probasiya Xidmətinin təqdimatını təmin etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, erməni hakim Tiqran Davtyanın sədrliyi ilə keçirilən iclasda Aruşanyanın yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağasının azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi barədə vəsatət rədd olunub.

Beləliklə, Aruşanyanın cəzası həbs cəzası ilə əvəz edilməyəcək.

Məhkəmə müdafiə tərəfinin mövqeyi ilə razılaşaraq bildirib ki, tətbiq olunmaq istənilən hüquqi mexanizmlər onun hüquqi vəziyyətini ağırlaşdırır. Çünki Aruşanyanın əməli törətdiyi və məhkum olunduğu dövrdə belə tənzimləmələr mövcud olmayıb.

Xatırladaq ki, 2022-ci ildə Aruş Aruşanyan bir epizod üzrə bəraət almış, digər epizod üzrə isə 1 il 6 ay azadlıqdan məhrum edilmişdi. Həbsdə keçirdiyi müddət nəzərə alınaraq yekun cəza 6 ay müəyyən edilmiş, lakin şərti tətbiq olunmuşdu. Bundan əlavə, o, 5 il müddətinə yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmişdi.

Daha sonra Ermənistan Probasiya Xidməti onun rəhbər vəzifə tutmaq qadağasının azadlıqdan məhrumetmə ilə əvəz olunmasını tələb etmişdi. Aşağı instansiya məhkəməsi bu vəsatəti təmin etsə də, sonradan Kassasiya Məhkəməsi aidiyyət qaydalarının pozulduğunu müəyyən edərək işi yenidən baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərmişdi.

Yenidən baxılan iş üzrə məhkəmə Ermənistan Probasiya Xidmətinin təqdimatını rədd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gorus   Aruşanyan  


Bizi "telegram"da izləyin