ABŞ HDQ-nin sualtı platformaları: Dəniz müharibələrində oyun qaydalarını dəyişdirəcəkmi?

2026/06/1781847154.jpg
Oxunub: 283     10:02     19 İyun 2026    
İnsansız dəniz platformaları quru və hava müharibələrini dəyişdirdiyi kimi dəniz müharibələrinin də xarakterini dəyişdirə bilər. Lakin dəniz mühiti daha ciddi çətinliklərlə müşayiət olunur.

Ukrayna və Fars körfəzi regionundakı müharibələrdə istifadə olunan pilotsuz uçuş aparatları dünya gündəminin əsas mövzularından birinə çevrildiyi halda, ABŞ Hərbi Dəniz Qüvvələri paralel bir inqilaba milyardlarla dollar sərmayə yatırır. İnsansız Sualtı Pltaformalar (UUV) və ya sualtı dəniz platformalarıABŞ Hərbi Dəniz Qüvvələrinin Pekinin sürətlə genişlənən dəniz qüvvələri ilə rəqabət aparmaq strategiyasının əsas elementlərindən birinə çevrilir. ABŞ Hərbi Dəniz Qüvvələri gəmi sayı və sənaye istehsalı potensialı baxımından Çinin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrindən geri qalır.

Pilotsuz uçuş aparatlarının hava müharibələrini dəyişdirməsi gözlənildiyi kimi, Pentaqon da avtonom sistemlərin sualtı müharibələrin xarakterini kökündən dəyişəcəyini hesab edir. Yaxın gələcəkdə Hərbi Dəniz Qüvvələri müşahidə, mina müharibəsi və zərbə əməliyyatları kimi təhlükəli missiyaları ekipajlı sualtı qayıqları riskə atmadan həyata keçirə bilər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin üçpilləli sualtı platforma parkı

ABŞ Hərbi Dəniz Qüvvələri üç müxtəlif kateqoriyadan ibarət sualtı platforma sistemi üzərində işləyir.

Birinci kateqoriya “Extra-Large” UUV (XLUUV) adlanan çox böyük insansız sualtı platformalardır. Bunlar mahiyyət etibarilə ekipajsız robot sualtı qayıqlardır. Məsələn, “Boeing” şirkətinin Orca XLUUV sistemi 85 ton ağırlığında avtonom sualtı platformadır. Dizel-elektrik mühərrik sistemi və litium-ion batareyalarla təchiz edilən platforma 6500 dəniz mili (7480 mil) məsafə qət edə bilir və 34 futluq faydalı yük bölməsinə malikdir.

“Orca” mina yerləşdirmə əməliyyatları, radioelektron mübarizə, kiçik pilotsuz uçuş aparatlarının buraxılması və güclü müdafiə olunan sularda fəaliyyət kimi tapşırıqları yerinə yetirə bilir. Hazırda DARPA tərəfindən inkişaf etdirilən Manta Ray isə daha eksperimental konsepsiyadır və uzunmüddətli fəaliyyət imkanlarına yönəlib. Bildirilir ki, bu sistem minimal enerji sərf etməklə uzun müddət dəniz dibində passiv vəziyyətdə qala bilir.

İkinci kateqoriyanı taktiki kəşfiyyat vasitələri təşkil edir. Bu platformalar ABŞ Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri üçün nəzərdə tutulan “Collaborative Combat Aircraft” sistemlərində olduğu kimi sualtı qayıqlar və döyüş gəmiləri üçün “sadiq qanad yoldaşı” rolunu oynayır.

Bu kateqoriyaya aid əsas sistemlər “Lionfish”, REMUS 600 və “Knifefish”dir. Onların missiyaları mina axtarışı, ətraf mühitin xəritələndirilməsi, kəşfiyyat və okeanoqrafik məlumatların toplanmasını əhatə edir. Komandanlıq bahalı döyüş gəmilərini təhlükəli ərazilərə göndərməzdən əvvəl əvvəlcə bu platformalardan istifadə edə, beləliklə riskləri azalda və əməliyyat vəziyyəti barədə məlumatlılığı artıra bilər.

Üçüncü və bəlkə də ən vacib kateqoriya kiçik platformalardır. Bunlar əsasən sərf edilə bilən sualtı kəşfiyyat vasitələridir. Bu sinfə REMUS 100, “Mk 18 Swordfish” və “Teledyne Gavia” kimi sistemlər daxildir.

Bu modellər indiyədək əsasən ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEAL qrupları, partlayıcı maddələrin zərərsizləşdirilməsi bölmələri və digər xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə olunub. Onların tipik vəzifələri liman təhlükəsizliyi, sahil kəşfiyyatı və minaların təmizlənməsidir.

Pilotsuz uçuş aparatlarında olduğu kimi, bu kiçik sualtı platformalar da ucuz, daşınması asan və asanlıqla əvəz edilə biləndir. Gələcək müharibələrin nəticəsi çox güman ki, bu sistemləri daha çox sayda və daha aşağı xərc ilə istehsal edə bilən tərəfdən asılı olacaq.

İnsansız platformalar dəniz müharibələrinə də gəlir

Tarixən sualtı müharibələr az sayda, çox bahalı və əvəz olunması çətin olan sualtı qayıqlara əsaslanıb. Lakin gələcəkdə böyük avtonom sensor şəbəkələri Tayvan boğazı, Cənubi Çin dənizi, Birinci Ada Zənciri və GIUK keçidi kimi mübahisəli bölgələrə yayılacaq.

Məqsəd sualtı mühitdə fasiləsiz məlumatlılıq yaratmaqdır. Başqa sözlə, gələcəkdə ordular ayrı-ayrı sualtı qayıqları izləmək əvəzinə bütöv regionları sensor şəbəkələri ilə əhatə etməyə çalışa bilərlər.

Pentaqon UUV sistemlərinin iqtisadi səmərəliliyini yüksək qiymətləndirir. “Virginia” sinfinə məxsus bir sualtı qayığın inşası təxminən 4 milyard dollara başa gəlir. Müqayisə üçün, oxşar funksiyalara malik bir “Orca” XLUUV sisteminin qiyməti yalnız on milyonlarla dollar səviyyəsindədir.

Strateji baxımdan bu yanaşma cəlbedicidir. Komandir ekipajsız bir sualtı platformanı, ekipajlı “Virginia” sinfinə məxsus sualtı qayığın göndərilməsinin çox riskli olduğu ərazilərə göndərməyə daha rahat qərar verə bilər.

Bu yanaşma hərbi planlaşdırmada müşahidə olunan daha geniş tendensiyanı əks etdirir. Hərbi qərarvericilər artıq az sayda yüksək texnologiyalı və bahalı platformalardan daha çox, kütləvi və nisbətən ucuz sistemlərə üstünlük verməyə başlayırlar. Lakin problemlər də qalmaqdadır.

Okean mühiti insansız platformalar arasında əlaqəni son dərəcə çətinləşdirir. Bu, Ukraynanın şərqindəki döyüş meydanlarında müşahidə edilən şəraitdən qat-qat mürəkkəbdir. Radio siqnalları su altında effektiv şəkildə yayılmadığından, insansız dəniz platformaları çox vaxt təcrid olunmuş şəkildə fəaliyyət göstərməyə məcbur olurlar.

Eyni zamanda GPS siqnalları dəniz suyundan keçə bilmədiyi üçün naviqasiya da mürəkkəbləşir. Sualtı platformalar ətalətli naviqasiya sistemlərinə, “Doppler” sürətölçənlərinə və relyef xəritələndirməsinə güvənməli olurlar. Bu üsullar isə ideal deyil və uzun məsafələrdə naviqasiya xətaları tədricən artır.

Bundan başqa, uzunmüddətli sualtı əməliyyatlar çox böyük batareya tutumu tələb edir. Bu problem üçün hələlik heç bir şirkət iqtisadi baxımdan səmərəli həll yolu tapa bilməyib.

Bununla belə, ümumi tendensiya aydındır. Avtonom sistemlər gələcəkdə strateji dəniz keçidlərinin xarakterini dəyişdirə bilər. Məsələn, “Orca” sistemi ekipajlı sualtı qayığı riskə atmadan mübahisəli bölgəyə daxil olaraq avtonom şəkildə mina yerləşdirə bilər.

Bu sistemlər gələcəkdə mühüm dəniz yollarına nəzarətin təmin edilməsində kritik vasitələrdən birinə çevrilə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Dəniz   XLUUV  


Bizi "telegram"da izləyin