Ordu.az xəbər verir ki, bu barədə Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə danışıb.
O, seçki kampaniyası dövründə “Vətəndaş Müqaviləsi” partiyasının seçicilərin səslərinin konstitusion çoxluğunu əldə etməyəcəyi təqdirdə sentyabr ayında müharibə baş verə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə dair suala cavab verərkən bildirib ki, müharibə olmayacaq və sülh təmin ediləcək.
Ermənistanın baş nazirinin sözlərinə görə, sülhün institusionallaşdırılması yollarından biri “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsidir.
“Layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürmə xəttinin yaradılması nəzərdə tutulur. Neft və qaz kəmərləri məsələsinin isə hələlik açıq qaldığını, bunun daha çox tərəfdaş ölkələrlə bağlı məsələ olduğunu bildirib. Sözügedən üç komponent artıq özlüyündə sülhün göstəricisidir.
Bir təsəvvür edin ki, biz Azərbaycan ərazisindən hərəkət edirik, onlar isə Ermənistan ərazisindən. Qatarlar işləyir. Sülh məhz budur”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində işlər davam etdiriləcək.
Paşinyan qeyd edib ki, bütün səylər region tarixinin bu ağır səhifəsinin bağlanmasına yönəldiləcək. O, sərhədlərin delimitasiyası prosesinin də davam etdiriləcəyini vurğulayıb.
Ermənistan baş naziri ikitərəfli ticarətin inkişaf etdiyini bildirərək bu istiqamətin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az