Paşinyan: “Hökumətin tərkibində böyük dəyişikliklər olmayacaq”

2026/06/1781155514.jpg
Oxunub: 250     12:53     11 İyun 2026    
“Ermənistan hökumətinin tərkibində ciddi dəyişikliklərin baş verməsi gözlənilmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 11-də keçirilən brifinqdə bildirib.

Paşinyan hökumətdə hansı dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. O yalnız qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyası hökuməti təkbaşına formalaşdıracaq, lakin hakim qüvvə əməkdaşlıq təkliflərindən imtina etməyəcək.

İnzibati resurslardan istifadə ilə bağlı suala cavab verən Ermənistanın baş naziri bildirib ki, Ermənistanda indiyədək ölkə rəhbərinin seçki kampaniyası zamanı bu qədər çox səfər etdiyi və seçicilərlə bu qədər intensiv ünsiyyət qurduğu başqa bir seçki prosesi olmayıb.

“Əgər ümidimizi inzibati resurslara bağlasaydıq, onda bu qədər enerji sərf etməyin nə mənası olardı? Mən ümidimi Ermənistan vətəndaşına bağlayıram və onunla dialoq aparıram. Başqa alətlər yoxdur, olmayıb və olmayacaq”, - deyə Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri əlavə edib ki, cəmiyyətdə yaşayış yerinə uyğun səsvermə senzinin tətbiq olunmasına dair tələb mövcuddur və bu tələbə müəyyən formada cavab verilməlidir.

Qeyd edək ki, söhbət son seçkilərdə Rusiyada yaşayan Ermənistan vətəndaşlarının səsverməsi ilə bağlı səsləndirilən iddialardan gedir. Xatırladaq ki, həmin vətəndaşlar 2018-ci ildə Paşinyana fəal dəstək vermişdilər.

Paşinyan Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələri açıqlamasından əvvəl “Vətəndaş Müqaviləsi”nin qələbəsini elan etməsi ilə bağlı tənqidlərə də münasibət bildirib.

Onun sözlərinə görə, bu açıqlama həmin vaxt mövcud olan sorğulara və artıq bir sıra seçki məntəqələrindən daxil olmuş nəticələrə əsaslanıb.

Paşinyan konstitusiya referendumu ilə bağlı suala cavabında isə bildirib ki, məsələ müzakirə mövzusudur və yekun qərar daha sonra veriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin