Ordu.az xəbər verir ki, Avstraliyadan xüsusi olaraq gətirilən platforma iki şirkətin Almaniya Hərbi Hava Qüvvələrinə birgə təklif təqdim edəcəklərini açıqlamasından üç aydan az müddət sonra nümayiş olunub.
“Rheinmetall”ın baş icraçı direktoru Armin Papperger Almaniya hökuməti ilə danışıqların davam etdiyini bildirərək qeyd edib ki, əgər Almaniya bu təyyarələri 2029-cu ilə qədər təhvil almaq istəyirsə, ən geci gələn il müqavilə danışıqlarının son mərhələsinə keçilməlidir.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü isə parlamentdə baxılması gözlənilən mümkün satınalma layihələri barədə şərh verə bilməyəcəklərini bildirib. Təqdimat zamanı MQ-28 “Ghost Bat” platformasına yeni imkanların əlavə olunduğu açıqlanıb. Qanad açıqlığı 25 faiz artırılan təyyarə təxminən 900 kiloqram əlavə yanacaq, sursat və faydalı yük daşıya bilir.
Şirkətin MQ-28 qlobal proqram direktoru Qlen Ferqyuson bildirib ki, “Ghost Bat” daxili silah bölməsində iki ədəd AIM-120 AMRAAM raketi və ya dörd kiçik çaplı bomba daşıya bilir. Onun sözlərinə görə, platforma bu günə qədər 200 saatdan artıq uçuş həyata keçirib.
İnsanlı döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərməsi nəzərdə tutulan CCA platformaları hava döyüşlərində insansız sistemlərin rolunu genişləndirməyi hədəfləyir. Almaniya da bu kateqoriyada öz Hərbi Hava Qüvvələri üçün uyğun həll axtarışını davam etdirir.
Sərgidə rəqib şirkətlər də yeni layihələrini nümayiş etdiriblər. Almaniyanın texnologiya şirkəti “Helsing” elektron hücum tapşırıqları üçün nəzərdə tutulan CA-1EA platformasını təqdim edib. Şirkət bildirib ki, bu sistem CA-1 “Europa” platformasının inkişaf etdirilmiş versiyasıdır və onun əsasında hazırda CA-1KA adlı avtonom döyüş təyyarəsi hazırlanır. CA-1KA platformasının ilk uçuşlarının 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
“Airbus” isə ABŞ-nin “Kratos” şirkəti ilə birgə həyata keçirdiyi layihənin davamı olan U760 Ravenstorm CCA konsepsiyasının tam ölçülü modelini ilk dəfə nümayiş etdirib. Hər iki şirkət ötən il Avropa bazarı üçün modifikasiya ediləcək iki ədəd XQ-58A “Valkyrie” platformasının alınmasına qərar vermişdi.
“General Atomics Aeronautical Systems” şirkəti də ABŞ Hərbi Hava Qüvvələrinin CCA proqramının ilk mərhələsində seçilmiş iki platformadan biri olan “Gambit” ailəsinə məxsus pilotsuz uçuş aparatının tam ölçülü nümunəsini sərgidə nümayiş etdirib.
Şirkətin sözçüsü C. Mark Brinkli bildirib ki, Almaniya ilə CCA proqramı barədə dəfələrlə müzakirələr aparılıb. Onun sözlərinə görə, bu, hazırda dünyadakı ən qabaqcıl CCA platformasıdır və silah bölməsi də daxil olmaqla bütün imkanları istifadəyə hazır vəziyyətdədir.
Almaniyanın hansı platformanı seçəcəyi hələ dəqiqləşməsə də, vaxt amili getdikcə daha çox ön plana çıxır. Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl Rusiyanın 2029-cu ilə qədər NATO-ya qarşı hücuma hazır ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Pappergerin qeyd etdiyi təhvil müddəti də məhz həmin ilə təsadüf edir.
Sevinc Əliyeva
Ordu.az