“Avroüçlük” Trampın dəstəyi ilə Rusiya ilə daha sərt şərtlərlə danışıqlar aparmaq niyyətindədir

2026/06/1781179672.jpg
Oxunub: 196     16:06     11 İyun 2026    
Böyük Britaniya, Fransa və Almaniya Ukraynada sülh nizamlanması üzrə danışıqları yenidən canlandırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampın dəstəyini almağa çalışır. Bununla belə, onlar Moskva ilə dialoqu özlərinin müəyyən etdiyi daha sərt şərtlər əsasında aparmağı planlaşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, “avroüçlük” liderləri hesab edirlər ki, müharibənin gedişi Ukraynanın xeyrinə dəyişib və bu, danışıqların 2025-ci ilin avqustunda Alyaskada Donald Tramp və Vladimir Putin arasında keçirilmiş görüşdən sonra səsləndirilən şərtlərdən daha sərt tələblərlə başlanmasına imkan verir.

Məlumata əsasən, yeni sülh təşəbbüsünün gələn həftə Fransada keçiriləcək G7 sammiti zamanı Trampla müzakirə olunması planlaşdırılır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron istəyirlər ki, danışıqların başlanğıc nöqtəsi kimi Rusiya mövcud cəbhə xətti boyunca dərhal atəşkəsə razılaşsın.

Onlar həmçinin yekun sülh razılaşması çərçivəsində Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsini, o cümlədən beynəlxalq qüvvələrin yerləşdirilməsini tələb edirlər.

Bu şərtlər Starmer, Merts və Makronun Vladimir Zelenski ilə görüşündən sonra açıqladığı beş maddəlik tələblər siyahısında da yer alıb. Qeyd olunur ki, Putin daha əvvəl bu tələblərin əksəriyyətini müxtəlif formalarda rədd edib.

Rusiya Prezidenti hələ də Donbasın ordusunun nəzarətinə keçirmədiyi hissələrinin Rusiyaya verilməsini tələb edir, müharibədən sonra Ukraynada xarici hərbi qüvvələrin yerləşdirilməsinə qarşı çıxır və ümumilikdə Avropanın danışıqlarda iştirakını istəmir.

Moskvada bu yanaşma “Ankoric ruhu” adlandırılır və bunun Alyaskada Trampla Putin arasında əldə olunan anlaşmaların davamı olduğu bildirilir.

“Bloomberg” qeyd edir ki, Rusiyanın hazırkı mərhələdə sülh prosesinə cəlb olunması ideyasını tənqid edənlər, o cümlədən “avroüçlük” ölkələrinin bəzi rəsmiləri Kremlin mövqeyinin yaxın vaxtlarda dəyişəcəyinə inanmırlar.

Bununla belə, Vladimir Zelenski, eləcə də Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri hesab edirlər ki, müharibənin beşinci ilində Rusiyanın vəziyyəti nəzərəçarpacaq dərəcədə çətinləşib.

Onların fikrincə, Rusiya ordusu döyüşlərdə ilişib qalıb və bəzi istiqamətlərdə ərazilər itirməyə başlayıb. Ukrayna pilotsuz uçuş aparatları isə cəbhə xəttinə və Krıma aparan təchizat marşrutlarını hədəfə alır, həmçinin Rusiyanın ərazisində yerləşən neft emalı zavodlarına, hərbi obyektlərə və müdafiə sənayesi müəssisələrinə müntəzəm zərbələr endirir.

Məqalədə qeyd olunur ki, bu vəziyyət ilhaq edilmiş Krımda və Rusiyanın cənub bölgələrində yanacaq çatışmazlığı yaradıb. Bundan əlavə, ölkə iqtisadiyyatı getdikcə daha ciddi problemlərlə üzləşir və əhalinin narazılığı artır.

Mövcud şəraitdə Avropa ölkələri hesab edirlər ki, Rusiyaya təzyiq gücləndirilməli və o, Ukrayna üçün daha əlverişli şərtlərlə danışıqlar masasına qaytarılmalıdır.

Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Ukrayna üzrə sülh prosesinin tərkib hissəsi kimi Rusiyanın Dnestryanı bölgədən, Cənubi Osetiyadan və Abxaziyadan qoşunlarını çıxarmasını da mümkün şərtlərdən biri kimi irəli sürüb.

“Bloomberg”in məlumatına görə, ABŞ-nin rəhbərlik etdiyi sülh prosesinin dalana dirənməsi və Vaşinqtonun diqqətinin hazırda İranla qarşıdurmaya yönəlməsi Avropa ölkələrinə danışıqlar masasında daha mühüm rol oynamaq imkanı yarada bilər.

Avropalı liderlər öz təklifləri ilə bağlı Trampın dəstəyini qazanmağa və bununla da Rusiyaya təzyiqi artırmağa çalışırlar. Agentliyin mənbələri hesab edir ki, bu proses iyul ayında Avropa, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə yeni danışıqların başlanmasına gətirib çıxara bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avroüçlük   Tramp   Rusiya  


Bizi "telegram"da izləyin