Ordu.az Almaniyanın müdafiə nəşri “Hartpunkt”a istinadən xəbər verir ki, sınaqların 2026-cı ilin payızında başlanması nəzərdə tutulur.
Yeni variantın mənzilinin 1000 kilometri aşacağı gözlənilir.
“Lockheed Martin” bu nəticənin bərk yanacaqlı raket mühərriki ilə “ramjet” mühərrikini birləşdirən yeni kombinə edilmiş hərəkətverici sistem üzərində əldə edilən mühüm irəliləyişlər sayəsində mümkün olduğunu bildirib. Şirkətin keçirdiyi son sınaqlarda hazırlanmaqda olan raketin sürətləndirici raket mühərrikindən “ramjet” mühərrikinə uğurla keçid etdiyi qeyd olunub.
İstehsalçı şirkət yeni hərəkətverici sistemin raketə 1000 kilometrdən artıq mənzil qazandıracağını açıqlayıb. PrSM Increment 4 mövcud HIMARS və M270 buraxılış qurğuları ilə tam uyğun olduğundan, platformalarda və logistika infrastrukturunda dəyişiklik edilmədən uzaqmənzilli dəqiq zərbə imkanlarının əldə olunması hədəflənir.
“Precision Strike Missile” proqramı ABŞ Quru Qoşunlarının silahlanmasındakı ATACMS raketlərini əvəz etmək üçün hazırlanmış yeni nəsil ballistik raket ailəsidir və 500 kilometrdən artıq mənzilə malikdir. Uzunluğu 4 metr, diametri isə 430 millimetr olan “PrSM” ATACMS ilə müqayisədə təxminən iki dəfə daha yığcam hazırlanıb. Bunun nəticəsində bir HIMARS və ya M270A2 qurğusu əvvəlki sistemlə müqayisədə iki dəfə çox raket daşıya bilir.
Bununla yanaşı, PrSM raketinin döyüş başlığı təxminən 91 kiloqram təşkil edir və ATACMS-dən daha kiçikdir. Bu çatışmazlığın yüksək dəqiqlikli tuşlama sistemləri ilə kompensasiya olunması nəzərdə tutulur.
Sistem mərhələli inkişaf konsepsiyası əsasında hazırlanır. Bu yanaşma əsas imkanların qısa müddətdə istifadəyə verilməsinə və sonradan yeni funksiyaların əlavə edilməsinə şərait yaradır.
“PrSM Increment 1” versiyası ətalətli naviqasiya sistemi ilə radioelektron mübarizəyə davamlı GPS tuşlama sistemini birləşdirərək 500 kilometrədək mənzil təmin edir. Bu versiya 2025-ci ilin iyulunda seriya istehsalına buraxılıb və İranla müharibə zamanı istifadə olunub. “Increment 2” versiyasında passiv radiotezlik və infraqırmızı axtarış başlıqlarının inteqrasiyası nəzərdə tutulur. Bunun sayəsində düşmən radar sistemləri və dəniz hədəflərinə qarşı nişanalma qabiliyyəti əldə ediləcək. İlk uçuş sınaqları 2026-cı ilin martında başlayıb.
“Increment 3” yeni döyüş başlıqlarının hazırlanmasına yönəlib. Bu mərhələdə kaset sursatları, beton deşən döyüş başlıqları və “gəzən sursat” imkanları üzərində iş aparılır. Lakin bu variantla bağlı rəsmi vaxt cədvəli hələ açıqlanmayıb. “Increment 4” çərçivəsində raketin xarici ölçülərində ciddi dəyişiklik etmədən mənzilinin 1000 kilometrdən artıq səviyyəyə çatdırılması planlaşdırılır.” Increment 5” proqramında isə raketin insansız platformalardan buraxılması imkanları araşdırılacaq.
“Lockheed Martin” 2025-ci ilin payızında verdiyi açıqlamada illik “PrSM” istehsalını 400 ədədə çatdırmağı hədəflədiyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az