Dünya əslində buzdan ibarətdir? Hitler nəyi xristianlıqla əvəz etmək istəyirdi? (ARAŞDIRMA+FOTOLAR)

2025/04/1745221629.jpg
Oxunub: 692     16:41     04 İyun 2026    
Nasistlər Üçüncü Reyxi qurarkən və dünyaya hücum edərkən bir çox qəribə və dəhşətli ideyalara inanmağa başladılar. Onların inandıqları ən qəribə nəzəriyyələrdən biri, Hitler və digər yüksək vəzifəli nasistlərin təbliğ etdiyi “Buz Dünyası Nəzəriyyəsi” (“Welteislehre” – WEL) və ya “Buzlaqlar Kosmologiyası” (“Glazial-Kosmogonie”) adlanan kainatın yaranması nəzəriyyəsi idi.

Bu, açıq-aşkar elmi cəhətdən təkzib olunmuş konsepsiya avstriyalı mühəndis və ixtiraçı Hanns Hörbiger tərəfindən hazırlanmışdı. O, 1912-ci ildə nəşr olunan bir kitabda iddia edirdi ki, buz bütün kosmik hadisələrin əsas elementidir. Hörbigerə görə, buz peyklər, buz planetlər və hətta “qlobal efir” (buzdan ibarət olan) kainatın inkişafına nəzarət edirdi.


Avstriyalı mühəndis bu nəticəyə necə gəldi? Tədqiqatla yox, “vizyon”la. 1894-cü ildə Hörbiger Ayı seyr edərkən qəfil olaraq onun buzdan ibarət olduğu fikrinə gəldi. Axı onun parlaqlığını və dairəvi formasını başqa nə izah edə bilərdi? Daha sonra o, yuxuda özünü boşluqda üzərkən görür və yellənən bir rinqi izləyir, o getdikcə uzanır və sonda qırılır. Hörbiger yazırdı: “Mən anladım ki, Nyuton yanılmışdı və günəşin cazibə qüvvəsi Neptunun məsafəsinin üç qatında artıq işləmir”.

Hörbiger daha sonra böyük bir Ay xəritəsi hazırlamış həvəskar astronom və məktəb müəllimi Filipp Fauth ilə tanış olur və birlikdə 1912-ci ildə “Glazial-Kosmogonie” adlı kitabda bu nəzəriyyəni izah edirlər.


Onların ideyasının mahiyyəti belə idi: Günəş sistemi ölmüş və içi su ilə dolu olan bir ulduzun nəhəng bir ulduza çırpılması nəticəsində yaranıb. Partlayış nəticəsində kiçik ulduzun parçaları ulduzlararası boşluğa səpələnmiş, bu hissələrdəki su kondensasiya olunaraq buz bloklarına çevrilmişdi. Bu buz bloklarından ibarət bir halqa Süd Yolu qalaktikasını və digər günəş sistemlərini yaratmışdı. Nəzəriyyəyə görə, sistemimizin böyük xarici planetləri çoxlu sayda buz blokunu udduqları üçün böyükdürlər. Yer kimi daxili planetlər isə daha az buz udublar, amma meteorit formasında buz toqquşmalarına məruz qalırlar.

Nəzəriyyə həm də iddia edir ki, bizim hazırkı Ayımız ilk Ay deyil. Əslində, bir neçə başqa Ay da (təbii ki, buzdan ibarət) Yerə çırpılaraq məhv olub. Hörbigerin ardıcılları bu nəzəriyyəni daha da inkişaf etdirərək, Bibliyada təsvir olunan daşqını və Atlantidanın mövcudluğu ilə məhvini keçmiş Ayların Yerə düşməsi ilə əlaqələndirirdilər.

Kim onun ideyalarını tənqid edirdisə – məsələn, onların riyazi baxımdan mənasız olduğunu söyləyirdisə – Hörbiger belə cavablar verirdi: “Hesablama sizi yalnız azdırar”. Əgər nəzəriyyəyə qarşı hər hansı vizual sübut təqdim olunurdusa, o, həmin görüntüləri “reaksioner” astronomlar tərəfindən saxtalaşdırılmış adlandırırdı. Yəni, saxta xəbərlər.

Raket mütəxəssisi Villi Leyə verdiyi əlamətdar bir cavabda Hörbiger belə deyirdi: “Ya mənə inanıb öyrənirsən, ya da düşmən kimi rəftar ediləcəksən”. Bu fikir Martin Qardnerin 1957-ci ildə yazdığı “Fads and Fallacies in the Name of Science” adlı kitabında yer alıb.

İdeyaları dərhal qəbul edilmədi, amma Hörbiger Birinci Dünya Müharibəsindən sonra nəzəriyyəni populyarlaşdırmaq üçün səy göstərdi. O, cəmiyyətlər, ictimai mühazirələr, filmlər, radio verilişləri, jurnallar və romanlar vasitəsilə “buz dünyası” vizyonunu yaymağa başladı.

Nəhayət, onun ideyalarının yayılmasının səbəblərindən biri də Hörbigerin bunları ənənəvi elmi fikirlərə qarşı qoyması oldu. O dövrün alman cəmiyyətində müxalif və qeyri-ənənəvi ideyalar asanlıqla maraq doğururdu. WEL nəzəriyyəsinin ilk tərəfdarlarından biri də Alman Nasist Partiyasının aparıcı ideoloqlarından olan Hyuston Stüart Çemberlen idi.

Hörbiger 1931-ci ildə vəfat etdikdən sonra onun davamçıları öz nəzəriyyələrini daha da çox nasist ideologiyasına uyğunlaşdırmağa başladılar. “Buz Dünyası Nəzəriyyəsi” “yəhudi” fizikası və xüsusilə də Albert Eynşteynin nisbilik nəzəriyyəsinə qarşı “alman antitezi” kimi təqdim olunmağa başladı. Nəzəriyyə tərəfdarları belə fikirlər səsləndirirdilər: “Bizim Nordik əcdadlarımız buz və qar içində möhkəmləndilər; Kosmik Buz inancı buna görə də Nordik insanın təbii mirasıdır”.


Əlavə olaraq, bu ideyaların qeyri-peşəkar “alimlər”dən gəlməsi də, onların fikrincə, həvəskar olmağın üstünlüyünü sübut edirdi. Əslində, onların fikrincə Fürer özü də bir həvəskar idi, amma o, öz xalqını xilas edəcək və dünyanı dəyişəcəkdi.

“Necə ki, Avstriya mədəniyyətindən çıxmış bir uşaq – Hitler – yəhudi siyasətçiləri yerinə oturtdu, eləcə də başqa bir avstriyalının dünyanı yəhudi elmindən təmizləməsi lazım idi”, - deyə ardıcıllar deyirdi. “Fürer öz həyatı ilə sübut etdi ki, “həvəskar” adlandırılan bir şəxs özünü “peşəkar” sayanlardan daha üstün ola bilər, bizə kainatı tam anladacaq yenidən bir “həvəskar” lazım idi”.

Həqiqətən də, SS-in rəhbəri Henrix Himmler kimi ən güclü nasistlərdən biri də bu nəzəriyyəyə böyük maraq göstərmişdi. Adolf Hitler özü də WEL-in böyük tərəfdarına çevrilmişdi. Hitler Linz şəhərində Hörbigerin nəzəriyyəsinə həsr olunacaq bütöv bir mərtəbəsi olan planetarium inşa etməyi planlaşdırırdı. O, hətta bu nəzəriyyənin bir gün xristianlığı əvəz edə biləcəyini də təklif etmişdi.

Belə güclü dəstəklə Hörbigerin ideyaları Nasist Almaniyasında geniş yayıldı. Alman Hörbiger Təşkilatı minlərlə üzv topladı.


İkinci Dünya müharibəsindən sonra bu nəzəriyyənin təsiri təbii olaraq azaldı. Hərdən yenidən “baş qaldırsa” da, bu bizə bir şeyi xatırladır: şəxsi inanc heç vaxt elm ola bilməz. Əgər siz daha yaxşı və sübut edilmiş ideyaları qəbul etməyib, yalnız hansısa insanlara qarşı antipatiyanız səbəbindən bütün fəlsəfəni bu əsasda qurursunuzsa, nəticədə tarix səhnəsindən silinməyiniz qaçılmazdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hitler   Dünya   Reyx  


Bizi "telegram"da izləyin