Ermənistanın keçmiş müdafiə naziri barəsində həbs qətimkan tədbiri seçilib, axtarış elan olunub

2026/06/1781179378.jpg
Oxunub: 181     16:01     11 İyun 2026    
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib və onun axtarışa verilməsi barədə qərar qəbul olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin dövlətin əsaslarına, konstitusiya quruluşuna və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması üzrə baş idarəsində aparılan cinayət işi çərçivəsində 2009-2016-cı illərdə müxtəlif vəzifələrdə çalışmış bir sıra şəxslərin korrupsiya sxemində iştirakı ilə bağlı faktlar əldə olunub.

İstintaqın versiyasına əsasən, həmin dövrdə təhsil və elm naziri vəzifəsində çalışmış şəxs, o vaxt Dövlət Gəlirləri Komitəsinin sədri, daha sonra maliyyə naziri olmuş Qaqik Xaçatryan və onun oğlunun maraqlarını nəzərə alaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İş materiallarına görə, qrup halında fəaliyyət göstərən şəxslərin iştirakı ilə “İrəvan V. Bryusov adına Dövlət Dil və Sosial Elmlər Universiteti”nə məxsus, İrəvan şəhərinin Puşkin küçəsi 38/1 ünvanında yerləşən, dəyəri 208 milyon 908 min 500 dram olan və 451,1 kvadratmetr sahəni əhatə edən daşınmaz əmlak korrupsiya sxemi vasitəsilə dövlət mülkiyyətindən çıxarılıb.

İstintaq hesab edir ki, həmin əmlak və ona aid torpaq sahəsi təhsil məqsədləri üçün istifadə olunmaq əvəzinə yüksək vəzifəli şəxslər və onlarla əlaqəli şəxslərin mülkiyyətinə keçirilib. Nəticədə ali təhsil müəssisəsi ona ayrılmış əmlakdan istifadə etmək imkanını itirib.

Komitənin məlumatına görə, daha sonra əmlakın əsl sahibinin gizlədilməsi və mənşəyinin ört-basdır edilməsi məqsədilə əvvəlcə başqa şəxsin adına rəsmiləşdirilib, sonradan isə 75 milyon drama satılaraq Xaçatryanın oğlunun adına qeydiyyata alınıb.

İş üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, bu cinayətə yardım etmə, xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və digər əlaqəli maddələr üzrə ümumilikdə yeddi nəfərə qarşı cinayət təqibi başladılıb.

İstintaq orqanları azadlıqda olan təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsi məqsədilə onların saxlanılması barədə də qərarlar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin