Qazaxıstanda yeni siyasi mərhələ: Konstitusiya ilə Nazarbayev dövrü bağlandı, parlament buraxıldı

2026/06/1781115617.jpg
Oxunub: 330     22:21     10 İyun 2026    
İyunun 12-si və 14-də Qazaxıstanda müvafiq olaraq “Amanat” və “Ədalət” partiyalarının qurultaylarının keçirilməsi gözlənilir. Birinci halda söhbət keçmiş prezident Nursultan Nazarbayevin təsis etdiyi siyasi qüvvədən gedir. İkinci partiya isə bir neçə ay əvvəl yaradılıb. Ona hazırkı prezident Kasım-Jomart Tokayevin administrasiyasının keçmiş rəhbəri Aybek Dadıbey başçılıq edir. Qazaxıstan yeni konstitusiya qəbul edib. Buna əsasən, ikipalatalı parlament buraxılacaq. Avqust ayında parlament seçkiləri təyin olunub.

“Tengrinews” nəşrinin məlumatına görə, Prezident Tokayevin elan etdiyi “Ədalətli Qazaxıstan” siyasi kursu “elita daxilində yenidənqurma tələb edir”. Görünür, bu ehtiyatlı ifadə keçmiş prezident Nazarbayevin təxminən otuzillik hakimiyyəti dövründə formalaşmış “komandanın” yenidən təşkil edilməli olduğu mənasında başa düşülməlidir.

Yeni konstitusiya Qazaxıstan prezidentinə yalnız iki müddət vəzifədə qalmaq hüququ verir. Tokayev bildirib ki, bu, “qəti və istiqamətverici təsbitdir”. Görünür, bu vədə sadiq qalmaq üçün o, siyasi sistemin islahatını həyata keçirir. Əslində söhbət keçmiş prezidentin təsis etdiyi partiyanın ləğvindən gedir, lakin bu proses “könüllü birləşmə” adı altında aparılır.

Politoloq Bakırov “Nezavisimaya qazeta”ya bildirib ki, iki partiyanın birləşməsi “əgər bu, prinsipial razılaşmalar əsasında baş verərsə, siyasi sinerji yarada bilər”. O, eyni zamanda narahatlığını ifadə edib ki, “hər şey formal ad dəyişikliyinə çevrilə bilər”. Politoloq qeyd edib ki, gələcək parlament rəhbərliyinin, hökumət üzvlərinin və regional icra hakimiyyəti rəhbərlərinin təyin edilməsi üçün Prezident Tokayevin “geniş kadr imkanları yoxdur”.

Qazaxıstanda hansı siyasi sistemin formalaşacağını proqnozlaşdırmaq çətindir. Mərkəzi Asiyada, xüsusilə də Qazaxıstanda yeni siyasi nəsil formalaşıb və onlar üçün milli, hətta turançı birlik və sivilizasiya dəyərləri üstünlük təşkil edir. Tokayev mayın 15-də Qazaxıstanı Qızıl Ordanın varisi və türk xalqlarının ilkin vətəni elan edib. Bu tarixi-sivilizasiya narrativi göstərir ki, Qazaxıstanda seçim artıq etnik mənsubiyyətlə Rusiyanın ucqar bölgəsinin sakini olmaq arasında deyil, ümumtürkçülük və vətəndaş kimliyi arasındadır.

Hər bir halda aydındır ki, Qazaxıstan konstitusiya yolu ilə Nazarbayev dövrünü bağlayıb və siyasi təsisatların möhkəmləndirilməsi mərhələsinə keçir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Nazarbayev   Tokayev  


Bizi "telegram"da izləyin