ABŞ İranla münaqişədə itirilən MQ-9-ları əvəzləmək üçün son MQ-9A-ları alır

2026/06/1781177403.jpg
Oxunub: 214     15:31     11 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri İran və İranın dəstəklədiyi husi qüvvələri ilə qarşıdurmalar zamanı onlarla MQ-9 “Reaper” Pilotsuz Uçuş Aparatını (PUA) itirdikdən sonra istehsalı dayandırılmış platformanın istifadəyə verilməmiş son nümunələrini “General Atomics” şirkətindən satın almağı planlaşdırdığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, şirkət dünya üzrə müştərilərə təklif oluna biləcək yeni MQ-9A platformalarının sayının 10-dan az olduğunu açıqlayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, qurum “General Atomics Aeronautical Systems” şirkətindən bir neçə istifadəyə verilməmiş MQ-9A “Block 5” platforması almağı planlaşdırır. Onun sözlərinə görə, bu aparatların bir hissəsi əvvəlcə digər müştərilər üçün istehsal olunmuşdu, lakin sonradan onlara ehtiyac qalmayıb. ABŞ Hərbi Hava Qüvvələri satınalma prosesinə başlamaq üçün artıq maliyyə vəsaiti əldə edib.

İtkilərin miqyası rəsmi inventar göstəricilərində də əks olunub. ABŞ Hərbi Hava Qüvvələrinin Planlaşdırma və Proqramlar üzrə Baş Qərargah rəisinin müavini general-leytenant Devid Tabor mayın 13-də Konqresdə çıxışı zamanı MQ-9A parkının 135 aparata qədər azaldığını açıqlayıb.

Rəsmi büdcə sənədlərinə əsasən, park 2026-cı maliyyə ilinin əvvəlində 165, 2025-ci maliyyə ilinin əvvəlində isə 231 aparatdan ibarət olub. Tabor Konqres üzvlərinə bildirib ki, hazırda mümkün qədər çox MQ-9A platformasının geri alınması üçün bütün variantlar nəzərdən keçirilir və bu maliyyə ili ərzində təcili satınalma həyata keçirmək məqsədi daşıyan qısamüddətli proqram üzərində iş aparılır.

“Air & Space Forces Magazine” jurnalının məlumatına görə, İrana qarşı həyata keçirilən “Epic Fury” əməliyyatı zamanı təxminən 30 MQ-9 “Reaper” itirilib. Bu itkilər ötən il Yəməndə husilərə qarşı əməliyyatlar zamanı vurulan çoxsaylı MQ-9-lara əlavə olaraq qeydə alınıb.

Məlumatlarda vurulan PUA-ların ümumi dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir.

“General Atomics” şirkətinin nümayəndəsi C. Mark Brinkli bildirib ki, ehtiyat hissələrindən yığıla biləcək təyyarələr və şirkətin öz istifadəsində olan müəyyən uçuş saatına malik MQ-9-lar da daxil olmaqla təqdim edilə biləcək yeni MQ-9A-ların ümumi sayı 10-dan azdır.

O əlavə edib ki, istismardan çıxarılmış bəzi “Reaper” platformaları mövcuddur və onların müəyyən hissəsi yenidən xidmətə qaytarıla bilər. ABŞ Hərbi Hava Qüvvələri həmçinin bildirib ki, 309-cu Aviasiya Təmir və Bərpa Qrupunun AMARG bazasında heç bir MQ-9 saxlanılmır və indiyədək heç bir “Reaper” anbardan çıxarılaraq yenidən xidmətə qaytarılmayıb.

MQ-9A modelinin istehsalı artıq dayandırılıb. “General Atomics” istehsal xəttini daha müasir MQ-9B modelinə yönəldib. Bu platforma “Reaper” ailəsinin davamı olsa da, konstruksiya baxımından əhəmiyyətli fərqlərə malikdir. ABŞ Hərbi Hava Qüvvələrinin gələcəkdə bu ailədən əldə edəcəyi yeni PUA-ların MQ-9B olması və mövcud istehsal proqramına daxil edilməsi gözlənilir.

Qurum 2020-ci ildə istismardan çıxarılan MQ-1 “Predator” PUA-larını yenidən xidmətə qaytarmadığını, lakin onların ehtiyat hissələrindən istifadə etdiyini də açıqlayıb. Bildirilib ki, 50-dən çox MQ-1 platforması ehtiyat hissələri üçün sökülüb, 20 aparatsa ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

MQ-1 platformaları ilə bağlı mövzu ABŞ Mərkəzi Komandanlığının ötən həftə İranın atəşi nəticəsində bir “MQ-1” aparatının itirildiyini təsdiqləməsindən sonra yenidən gündəmə gəlib. İtirilən aparatın ABŞ ordusunda hələ də istifadə olunan MQ-1C “Gray Eagle” olması ehtimal edilir. Lakin CENTCOM hansı modelin vurulduğunu açıqlamaqdan imtina edib.

ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi MQ-9 “Reaper” platformasını İrana qarşı əməliyyatlarda “bəlkə də ən dəyərli vasitə” kimi qiymətləndirsə də, onun gələcək döyüş meydanında sağqalma qabiliyyəti ilə bağlı suallar qalmaqdadır. Bu səbəbdən Hərbi Hava Qüvvələri daha əvvəl nəticəsiz qalan cəhdlərdən sonra “MQ-9 Next” adlı yeni proqram çərçivəsində platformanın varisini axtarmağa davam edir. Bununla belə, yeni sistemin silahlanmaya qəbul edilməsinin hələ uzun illər çəkəcəyi gözlənilir.

Mütəxəssislərin fikrincə, təcili şəkildə əlavə MQ-9 axtarışı bu platformanın aşağı sürətinə baxmayaraq yüksək hündürlükdə uzun müddət qalmaq, kəşfiyyat məlumatları toplamaq və zərbə endirmək kimi imkanlarının ABŞ hava qüvvələri üçün hələ də böyük əməliyyat əhəmiyyəti daşıdığını göstərir. Qısamüddətli perspektivdə itirilən aparatların necə əvəz ediləcəyi isə hələ də qeyri-müəyyən olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MQ-9   MQ-9A  


Bizi "telegram"da izləyin