Kremlin İrəvana KTMT ultimatumunun pərdəarxası: Könüllü çıxış bəyannaməsi, yoxsa “qovulma” ssenarisi?

2026/06/1781161779.jpg
Oxunub: 246     11:08     11 İyun 2026    
İyunun 10-da Moskvada KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclası keçirilib. Ermənistan bu iclasda iştirak etməyib. “RİA Novosti”nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-də iştirak məsələsinə toxunub. Lavrov xatırladıb ki, artıq iki ildir Ermənistan təşkilatın büdcəsinə ödəniş etmir. Buna görə də onlar “KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqi məsələsini müzakirə etmək barədə razılığa gəliblər”.

KTMT Nizamnaməsində belə halları tənzimləyən maddəyə əsasən, “üzv dövlət təşkilatın büdcəsi qarşısında olan borcunu ödəmədiyi halda Şura həmin dövlətin öz vətəndaşlarını təşkilatdakı vəzifələrə təyin etmək üçün nəzərdə tutulan kvota hüququnun dayandırılması barədə qərar qəbul edir”.

Söhbətin hansı vəzifələrdən və hansı kvotalardan getdiyi Nizamnamədə izah edilmir. Lakin Rusiyanın xarici işlər naziri Lavrovun vurğuladığı məqamlardan belə qənaətə gəlmək olar ki, o, başqa bir maddəni nəzərdə tutur. Həmin maddəyə görə, KTMT Şurasının qərarları yerinə yetirilmədiyi halda üzv dövlətin səlahiyyətləri dayandırıla bilər. Lavrov Ermənistanın NATO üzvü olan ölkələrlə hərbi əməkdaşlığından və “birgə hərbi təlimlərdən” danışıb, eyni zamanda Avropa İttifaqının “hərbi ittifaqa çevrildiyini” bir daha iddia edib.

Rusiyanın xarici işlər nazirinin çıxışında səsləndirdiyi əsas fikir bundan ibarət olub ki, “NATO Avrasiya məkanının təhlükəsizlik sistemini öz prinsipləri və rəhbərliyi əsasında qurmağa çalışır”. Bu kontekstdə NATO-Ermənistan “əməkdaşlığı”na vurğu edilməsi tamamilə fərqli məna kəsb edir.

Lavrov KTMT-nin Ermənistana münasibətdə Nizamnamənin “müvafiq maddəsinin tətbiqi” məsələsini nə vaxt müzakirə edəcəyini dəqiqləşdirməyib. Görünür, bu məsələ təşkilata üzv dövlətlərin liderlərinin ənənəvi olaraq ildə bir dəfə keçirilən sammitinin səlahiyyətinə veriləcək. Lavrov həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən danışıb və vurğulayıb ki, “məsələ kəskin şəkildə gündəmdədir”.

Belə bir təəssürat yaranır ki, Rusiyaya qarşı çıxan Ermənistan deyil, əksinə, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinin “yükündən qurtulmağa” çalışır. Bunun arxasında hansı strateji əhəmiyyətli planın dayandığı hələlik aydın görünmür. KTMT Nizamnaməsi üzv dövlətə təşkilatdan çıxmaq hüququ verir. Bunun üçün dövlət altı ay əvvəl yazılı bildiriş təqdim etməlidir. Bu prosedurun tətbiqinin Ermənistana nə verəcəyini demək çətindir. Digər tərəfdən isə istisna deyil ki, ona münasibətdə təşkilatdan “çıxarılma” variantı tətbiq olunsun.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin