Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Moskvanın yeni xəbərdarlığı: Rusiya kəşfiyyatının rəhbəri Ermənistana xəbərdarlıq edib” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin növbəti dəfə Ermənistanın xarici siyasət kursuna toxunaraq ölkə rəhbərliyinə xəbərdarlıq edib.
“Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hesablamalarını yalnız Qərbin yardım və dəstəyinə əsaslanaraq qurarsa, səhv etmiş olacaq. Belə yanaşma təkcə xarici siyasətdə deyil, həm də daxili problemlərin dərinləşməsinə səbəb ola bilər”, - deyə məqalədə qeyd olunub.
Nəşrdə bildirilir ki, Narışkin belə bir ssenarinin Ermənistan üçün əlavə çətinliklər yarada biləcəyini vurğulayıb.
“O qeyd edib ki, bu halda Ermənistanda əlavə problemlər meydana çıxa bilər və bu problemlər ölkənin iqtisadi inkişaf perspektivlərinə də mənfi təsir göstərəcək. Rusiya rəsmisinin bəyanatı İrəvanla Moskva arasında münasibətlərdə gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib.
Ermənistanın Avropa istiqamətində atdığı addımlar həm regionda, həm də beynəlxalq platformalarda fəal müzakirə olunmağa davam edir. Son aylarda müxtəlif Rusiya rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, xarici siyasətdə kəskin istiqamət dəyişikliyi iqtisadi və sosial nəticələrə səbəb ola bilər”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, bu xəbərdarlıqlar ilk növbədə enerji daşıyıcılarının tədarükü, ixrac bazarları, əmək miqrasiyası və mövcud iqtisadi əməkdaşlıq formatları ilə bağlı risklərə aiddir.
“Narışkinin bəyanatını Moskvanın növbəti siyasi siqnalı kimi qiymətləndirmək olar. Rusiya bununla vurğulamağa çalışır ki, Ermənistanın strateji seçimləri ölkənin iqtisadi və daxili siyasi vəziyyətinə birbaşa təsir göstərə bilər”, - deyə məqalədə qeyd olunub.
Müəllifin fikrincə, bu açıqlamaların İrəvanda hansı reaksiyaya səbəb olacağı hələ məlum deyil.
“Lakin aydındır ki, Ermənistanın xarici siyasət istiqaməti məsələsi region siyasətinin ən çox müzakirə olunan mövzularından biri olaraq qalmaqda davam edir”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az