Avropanın Yeni Ordusu və 15 Milyardlıq Kredit: Fransa Təhlükəsizlikdə “Lokomotiv” Rolunu Necə Öz Üzərinə Götürür?

2026/06/1781636280.jpg
Oxunub: 218     22:57     16 İyun 2026    
Avropa İttifaqı Avropanın təhlükəsizliyinə yönəlmiş SAFE proqramı çərçivəsində Fransaya 15 milyard avro kredit ayıracaq. Bu barədə jurnalistlərə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen məlumat verib. O, “Böyük Yeddilik” sammiti ərəfəsində mətbuat konfransı keçirib.

“Çərşənbə axşamı biz Fransa ilə kredit sazişi imzalayacağıq. Güclü hərbi sənaye potensialı sayəsində Fransa Avropa təhlükəsizliyinin əsas ölkəsidir”, - deyə Avropa Komissiyasının Prezidenti bildirib.

Onun qiymətləndirməsinə görə, SAFE proqramı Avropa ölkələrinə “hərbi imkanlarını gücləndirməyə, hərbi-sənaye komplekslərini qorumağa və Ukraynaya dəstək vermək imkanlarını saxlamağa kömək edəcək”. Fon der Leyen dəqiqləşdirib ki, bu kredit də daxil olmaqla, Avropa Komissiyası artıq üzv ölkələrə 78 milyard avro kredit ayırıb və ya SAFE proqramı çərçivəsində nəzərdə tutulan 150 milyard avroluq xərclərin yarıdan çoxunu təmin edib.

Avropa İttifaqının rəhbərləri “Böyük Yeddilik” sammitinə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair müzakirələrdə iştirak etmək üçün dəvət olunublar. Bu müzakirələrdə Ukrayna Prezidenti Volodimir Zelenskyi də iştirak edəcək. Bununla belə, siyasi müşahidəçilər Emmanuel Makron-Donald Tramp və Tramp-Zelenski danışıqlarını xüsusilə diqqət mərkəzində saxlayırlar.

Avropa Komissiyasının Fransaya 15 milyard avro kredit ayırması bu kontekstdə Fransa Prezidentinə Donald Trampla, böyük ehtimalla, çox mürəkkəb danışıqlar öncəsi göstərilən dəstək kimi qiymətləndirilə bilər.

Nəzərə alsaq ki, “Avropa üçlüyü” bundan əvvəl Londonda görüş keçirib, ehtimal etmək olar ki, Avropa İttifaqının təhlükəsizliyinin təmin edilməsində Fransanın aparıcı rolu Böyük Britaniya və Almaniya ilə razılaşdırılıb. Bu baxımdan Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da Moskvaya səfərindən sonra olduqca diqqətçəkən fikir səsləndirib. Onun qənaətinə görə, Avropa İttifaqının “nüfuzunu tam şəkildə yalnız Makron bərpa edə bilər”.

Fransa Prezidenti vəzifədə ikinci müddətini başa vurur. Əgər ona yaxın gələcəkdə Fransanın hərbi sənayesini inkişaf etdirmək və eyni zamanda Avropa İttifaqına üzv ölkələrin hərbi imkanlarını gücləndirmək müyəssər olarsa, gələcəkdə onun “Avropa Komissiyasının Prezidenti vəzifəsini tutması” da mümkün görünür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ordu   Fransa  


Bizi "telegram"da izləyin