Erməni professor: “ABŞ-İran mümkün razılaşması Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərəcək”

2026/06/1781589723.jpg
Oxunub: 234     16:39     16 İyun 2026    
“İranın qismən təcriddən çıxması Cənubi Qafqazın strateji əhəmiyyətini artırır və regionu yeni enerji-logistika mübarizəsinin əsas meydanlarından birinə çevirir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan bildirib.

O qeyd edib ki, ABŞ ilə İran arasında mümkün razılaşma Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərəcək.

“Dəniz blokadasının aradan qaldırılması, İran neftinə qarşı sanksiyaların dayandırılması, İranın maliyyə aktivlərinin ən azı yarısının dondurulmuş vəziyyətdən çıxarılması və digər amillər Böyük Yaxın Şərqdə, o cümlədən Qafqazda ABŞ-nin mövcudluq məntiqinə qaçılmaz şəkildə təsir edəcək”, - deyə Davtyan bildirib.

Erməni professor hesab edir ki, Tehran TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə münasibətini yenidən nəzərdən keçirə və ya ən azı onu əvvəlki kimi “qırmızı xətt” hesab etməyə bilər.

“Yeni konfiqurasiya şəraitində TRIPP Türkiyənin enerji təchizatında mühüm marşrutlardan birinə çevrilə bilər. Bu isə təkcə iqtisadi deyil, həm də strateji problemlərin həllinə xidmət edir. Hazırda NATO-nun gündəliyində alyansın hərbi infrastrukturunun təchizatı üçün muxtar yanacaq sisteminin formalaşdırılması dayanır. Türkiyə ilə Şərqi Avropa arasında yeni yanacaq infrastrukturunun, o cümlədən Türkiyə-Rumıniya neft kəmərinin tikintisi də bu sistemə daxildir”, - deyə o qeyd edib.

Davtyanın proqnozuna görə, yaxın dövrdə Vaşinqton Transxəzər qaz kəməri layihəsinin irəlilədilməsinə yeni təkan verəcək.

“Mənim proqnozuma əsasən, yaxın müddətdə Vaşinqton Transxəzər qaz kəməri layihəsini daha fəal şəkildə təşviq etməyə başlayacaq. Bu layihə olmadan formalaşan enerji və nəqliyyat arxitekturası son dərəcə həssas vəziyyətdə qalacaq. Bu kontekstdə Cənubi Qafqaz tədricən NATO-nun logistika sisteminin struktur elementinə çevrilə bilər”, - deyə erməni professor bildirib.

Davtyan əlavə edib ki, bu şəraitdə İran enerji daşıyıcılarının Türkiyəyə tədarükü də arta bilər.

“Qeyd edək ki, İran və Türkiyə arasında ildə 10 milyard kubmetr həcmində qaz tədarükünü nəzərdə tutan müqavilə 2026-cı il iyulun sonunadək qüvvədədir. 2025-ci ildə faktiki tədarük təxminən 7,7 milyard kubmetr təşkil edib. Türkiyə artıq müqavilənin uzadılmasına hazır olduğunu bəyan edib”, - deyə o vurğulayıb.

Onun fikrincə, bu vəziyyət Türkiyə bazarında rəqabəti gücləndirə bilər.

“Rəqəmlər bunu açıq şəkildə göstərir. 2025-ci ildə Türkiyənin ümumi boru kəməri qaz idxalı təxminən 57,9 milyard kubmetr olub. Bunun 21,1 milyard kubmetri Rusiyadan, 11,9 milyard kubmetri Azərbaycandan, 7,7 milyard kubmetri isə İrandan idxal edilib”, - deyə Davtyan qeyd edib.

Erməni professorun sözlərinə görə, Qafqazın əhəmiyyəti Yaxın Şərq və Avrasiya siyasətlərinin kəsişdiyi məkan kimi daha da artır.

“Əgər İran qismən təcrid rejimindən çıxırsa, rəqabət artıq onun qarşısının alınması deyil, İran enerji daşıyıcıları və məhsullarının hərəkət marşrutlarına nəzarət müstəvisinə keçir.

Bu isə avtomatik olaraq bütün xarici oyunçular üçün Cənubi Qafqazın strateji əhəmiyyətini artırır. Başqa sözlə, Qafqaz tədricən qlobal proseslərin kənar bölgəsi olmaqdan çıxır və yeni logistika və enerji axınlarına nəzarət uğrunda mübarizənin əsas platformasına çevrilir”, - deyə Davtyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan   Qafqaz  


Bizi "telegram"da izləyin