Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Həyat Dövrünün İdarəetmə Mərkəzi (AFLCMC) 2026-cı il iyunun 26-da dərc etdiyi “Sources Sought” elanında sənaye şirkətlərindən həll təklifləri istəyib. Şirkətlərin proqramla bağlı rəy və təkliflərini iyulun 27-dək təqdim etməsi gözlənilir.
Yeni sistem radar istifadə etmədən düşmənin hava vasitələrini aşkar edib izləməyə imkan verəcək və bununla da F-15 qırıcılarının hava döyüşü imkanlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Infraqırmızı axtarış və izləmə sistemləri ənənəvi radarlardan fərqli olaraq elektromaqnit siqnalı yaymadan hədəflərin infraqırmızı izlərini aşkar edir. Bunun sayəsində qırıcı radarını aktivləşdirmədən düşmən hava vasitələrini izləyə və öz yerini açıqlamadan nişanalma həyata keçirə bilir.
Bu xüsusiyyət xüsusilə güclü radioelektron maneələrin tətbiq olunduğu müasir döyüş meydanlarında mühüm üstünlük yaradır. Radarların korlandığı və ya aldadıldığı şəraitdə infraqırmızı sistemlər passiv rejimdə işləməyə davam edərək pilotu hədəf məlumatı ilə təmin edir.
ABŞ Hərbi Hava Qüvvələrinin hazırda istifadə etdiyi “Eagle Integrated” IRST (EI-IRST) sistemi “Lockheed Martin” tərəfindən hazırlanmış “Legion Pod” konteyneri əsasında qurulub.
F-15C donanması üçün 38 “Legion Pod” tədarük edilib və sistem 2022-ci ildə ilkin əməliyyat hazırlığına çatıb. Lakin ABŞ Müharibə Nazirliyinin əməliyyat sınaqları üzrə hesabatlarında konteyner konstruksiyasının müəyyən məhdudiyyətlər yaratdığı bildirilib.
Xarici yanacaq çəninin quraşdırıldığı nöqtəyə yerləşdirilən sistem təyyarənin yüksək hücum bucağı ilə yerinə yetirdiyi manevrləri məhdudlaşdırır, eyni zamanda həmin nöqtədə sursat və ya əlavə yanacaq daşınmasına mane olur.
ABŞ Hərbi Hava Qüvvələrinin yeni sistem axtarışında Çin və Rusiyanın inkişaf etdirdiyi IRST həllərinin də təsiri olduğu bildirilir.
Çinin J-20 qırıcısı inteqrasiya edilmiş IRST və paylanmış aşkarlama sistemi ilə təchiz olunub. Rusiyanın Su-35S qırıcısında istifadə olunan OLS-35 sistemi isə forsaj rejimindən istifadə etməyən hədəfləri ön yarımsferdə 50 kilometrdən, arxa yarımsferdə isə 90 kilometrdən artıq məsafədə aşkarlaya bilir.
Avropada istehsal olunan “Eurofighter Typhoon” qırıcısı da PIRATE IRST sistemi ilə oxşar imkanlara malikdir. ABŞ Hərbi Hava Qüvvələri bu sahədə yaranmış imkan fərqini aradan qaldırmağı hədəfləyir.
Yeni IRST sisteminin əsas istifadəçilərindən birinin F-15EX “Eagle II” qırıcısı olacağı gözlənilir. 2026-cı il etibarilə tədarük hədəfi 80 təyyarədən 267 təyyarəyə çatdırılan F-15EX qabaqcıl rəqəmsal döyüş tapşırığı kompüteri və AN/APG-82(V)1 AESA radarı sayəsində tam inteqrasiya edilmiş IRST sistemini dəstəkləyə biləcək imkanlara malikdir.
“Boeing” şirkətinin daha əvvəl təqdim etdiyi konsepsiyada kokpitin ön hissəsində gövdəyə inteqrasiya olunmuş IRST sensoru nəzərdə tutulur. Mütəxəssislərin qiymətləndirməsinə görə, gövdəyə inteqrasiya edilən bu həll hazırkı “Legion Pod” konteyneri ilə müqayisədə daha geniş müşahidə bucağı təmin edəcək, xarici asqı nöqtəsini tutmayacaq və təyyarənin aerodinamik göstəricilərinə mənfi təsir göstərməyəcək.
Sevinc Əliyeva
Ordu.az