Kuba liman biznesini sanksiyalara məruz qalan GAESA hərbi konqlomeratının tərkibindən çıxarır

2026/06/1782550816.jpg
Oxunub: 197     12:53     27 İyun 2026    
ABŞ-nin sanksiyaları altında olan və Kuba iqtisadiyyatının böyük hissəsinə nəzarət edən dövlətə məxsus GAESA hərbi konqlomeratı liman biznesini ayrıca qurum kimi ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Sahə üzrə mənbələrin bildirdiyinə görə, bu addım son aylarda sanksiyaların təzyiqi səbəbindən çətinləşən tədarük zəncirini bərpa etmək cəhdləri fonunda atılıb.

GAESA ABŞ Prezidenti Donald Trampın 2026-cı il mayın 1-də tətbiq etdiyi genişmiqyaslı sanksiyaların əsas hədəflərindən birinə çevrilib. Məhdudiyyətlər enerji, müdafiə, mədən sənayesi, maliyyə və əsasən bu konqlomeratın nəzarət etdiyi digər sahələri əhatə edir.

Sanksiyalar həmçinin GAESA ilə əməkdaşlıq edən xarici şirkətlərə və gəmiçilik xətlərinə də şamil olunub. Bu isə bir sıra investorların Kubanı tərk etməsinə və adaya yanacaq tədarükünün çətinləşməsinə səbəb olub.

AFP-nin məlumatına görə, Kubanın ən böyük ticarət limanı olan Mariel limanını idarə edən və GAESA-nın logistika bölməsinə daxil olan “Terminal de Contenedores Mariel SA” şirkəti aktivlərini Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Coral Maritima SA” şirkətinə satıb.

Agentliyin tanış olduğu 2026-cı il iyunun 16-na aid sənəddə qeyd olunur ki, bütün aktivlər yeni quruma ötürülüb.

“Coral Maritima” dövlət liman qrupunun tərkibinə daxildir və gəmiçilik sahəsində investisiya layihələri ilə məşğul olur. Şirkət formal olaraq GAESA ilə əlaqəli hesab edilmir.

Bu dəyişikliklərdən sonra Fransanın CMA CGM və Almaniyanın “Hapag-Lloyd” kimi dünyanın aparıcı logistika şirkətləri may ayının ortalarında GAESA ilə əlaqələrə görə sanksiya risklərindən ehtiyat edərək Kubaya yükdaşımaları dayandırmışdılar. Hələlik bu yenidən təşkilatlanmanın daşımaların bərpasına səbəb olub-olmayacağı məlum deyil.

Bununla yanaşı, GAESA Havanadakı “Miramar Trade Center” biznes mərkəzini idarə edən birgə müəssisədən də çıxıb. Layihənin tərəfdaşlarından olan Britaniyanın “CEIBA Investments” fondu artıq obyekt üzərində tam nəzarəti ələ keçirdiyini açıqlayıb.

Ekspertlərin fikrincə, bu dəyişikliklər GAESA-nın Kuba iqtisadiyyatındakı rolunun daha geniş şəkildə yenidən formalaşdırılmasının tərkib hissəsi ola bilər. Konqlomerat 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkəyə xarici valyuta cəlb etmək məqsədilə yaradılmışdı.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl GAESA-nı “dövlət içində dövlət” adlandıraraq, qurumun gəlirləri dar elitanın maraqları naminə topladığını bildirmişdi.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, GAESA Kuba iqtisadiyyatının 40-70 faizinə nəzarət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   GAESA   ABŞ  


Bizi "telegram"da izləyin