İran: Vaşinqtonun başlayacağı istənilən yeni münaqişə ABŞ üçün insan itkiləri ilə nəticələnəcək

2026/06/1782550911.jpg
Oxunub: 250     12:58     27 İyun 2026    
İranın Ali Rəhbərinin baş müşaviri və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi bildirib ki, ABŞ və ya İsrail tərəfindən İrana qarşı başlanacaq istənilən yeni hərbi münaqişə onlar üçün ciddi itkilərlə nəticələnəcək.

Ordu.az xəbər verir ki, Rzayi bu barədə ABŞ-nin “NewsNation” televiziya kanalına müsahibəsində danışıb.

O bildirib ki, İran eskalasiya baş verəcəyi təqdirdə istifadəyə veriləcək yeni hərbi imkanlara malikdir.

“Əgər ABŞ və ya İsrail İrana qarşı ən kiçik təhdidə belə yol versə, növbəti müharibə əvvəlki kimi olmayacaq”, - deyə Rzayi bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp bilməlidir ki, bu dəfə ABŞ ciddi insan itkiləri verəcək.

Rzayi Vaşinqtonun diplomatik prosesdə səmimiliyini də şübhə altına alıb. Onun sözlərinə görə, İran İsveçrədə aparılan danışıqlarda ciddi və operativ şəkildə fəaliyyət göstərsə də, ABŞ öz öhdəliklərini yerinə yetirmir.

“Biz hesab edirik ki, onlar vaxt qazanmağa çalışırlar”, - deyə o bildirib.

Rzayinin sözlərinə görə, ABŞ daha çox daxili iqtisadi və siyasi problemlərə diqqət yetirir, sabit razılaşmanın əldə olunmasına isə kifayət qədər maraq göstərmir.

O vurğulayıb ki, istənilən razılaşma ABŞ-nin beynəlxalq hüquq çərçivəsində “İranın qanuni hüquqlarını”, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin nəzarəti altında həyata keçirilən dinc nüvə proqramını tanıması ilə başlamalıdır.

Rzayi həmçinin sanksiyaların ləğv edilməsinə, İranın dondurulmuş aktivlərinin açılmasına və Hörmüz boğazının idarə olunmasında İranın rolunun tanınmasına çağırıb.

“Hörmüz boğazının ABŞ ilə heç bir əlaqəsi yoxdur”, - deyə o bildirib və əlavə edib ki, boğazın idarə olunması yalnız İran və Omanın səlahiyyətinə daxildir.

Onun sözlərinə görə, İran onilliklərdir bu strateji marşrutun təhlükəsizliyini təmin edir və boğazdan istifadə edən ölkələr onun mühafizəsi və ekoloji təhlükəsizliyinin təmin olunması xərclərində iştirak etməlidirlər.

Rzayi bir daha vurğulayıb ki, İran nüvə silahı hazırlamağa çalışmır.

“İranın nüvə silahı əldə etməyə çalışdığı barədə iddialar həmişə böyük yalan olub”, - deyə o bildirib və ABŞ kəşfiyyatının əvvəlki qiymətləndirmələrinə istinad edərək Tehranın nüvə bombası hazırlamadığını xatırladıb.

O həmçinin bildirib ki, ABŞ-də hakimiyyətə gələn administrasiyalar İranın mövqeyini anlamır və İsrail xüsusi xidmət orqanlarının təsiri, eləcə də siyasi təzyiqlər altında fəaliyyət göstərirlər.

Amerika ictimaiyyətinə müraciət edən Rzayi ABŞ hökuməti ilə Amerika xalqına münasibətini fərqləndirib.

“Biz Amerika xalqının əziyyət çəkməsini istəmirik. Lakin ABŞ hökuməti və ya onun Silahlı Qüvvələri tərəfindən həyata keçiriləcək istənilən təcavüzə qarşı qətiyyətlə müdafiə olunacağıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Vaşinqton  


Bizi "telegram"da izləyin