ABŞ ordusu təyyarələri raketlərdən qoruyan yayındırıcı sistemlər üçün 300 milyon dollarlıq müqavilə imzalayıb

2026/06/1782540706.jpg
Oxunub: 221     10:12     27 İyun 2026    
ABŞ ordusu “Chemring US” şirkəti ilə hava platformalarını istilik tuşlamalı raketlərdən qoruyan infraqırmızı yayındırıcı sistemlərin istehsalı üçün dəyəri 300 milyon dollardan çox olan yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

ABŞ Quru Qoşunlarının Müqavilələr Komandanlığı - Nyu-Cersi tərəfindən verilmiş qeyri-müəyyən təhvil və qeyri-müəyyən həcm (IDIQ) müqaviləsi ordunun kritik əks-tədbir sursatlarının istehsalını artırmağa və təchizat zəncirini gücləndirməyə yönəlib.

Müqavilə çərçivəsində istehsal ediləcək sistemlər istilik tuşlamalı raketləri aldatmaq məqsədilə güclü infraqırmızı iz yaradaraq hava vasitələrinin sağqalma qabiliyyətini artıracaq.

Bu əks-tədbir sursatlarından ABŞ Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Əməliyyatlar Komandanlığı istifadə edəcək. Eyni zamanda onlar Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində müttəfiq ölkələrə də tədarük oluna biləcək.

Müqaviləyə əsasən, 2025-ci ildə fəaliyyətini dayandırmış “Alloy Surfaces Company” şirkətinin Pensilvaniya ştatının Çester şəhərində yerləşən müəssisəsi yenidən fəaliyyətə başlayacaq və burada üç il ərzində istehsal həyata keçiriləcək.

Razılaşma həmçinin mühüm əqli mülkiyyət hüquqlarının ABŞ hökumətinə verilməsini də nəzərdə tutur. Rəsmilər bildirirlər ki, bu addım gələcək istehsal imkanlarının qorunması baxımından tarixi əhəmiyyət daşıyır.

Proqram Müdafiə İstehsalı Qanunu (Defense Production Act) çərçivəsində ayrılacaq 105 milyon dollara qədər satınalma öhdəliyi ilə dəstəklənəcək.

ABŞ Müharibə Nazirliyinin Sənaye Bazası Siyasəti üzrə müavin köməkçisi Maykl Kadenatsi bildirib ki, pirofor tipli əks-tədbir sistemləri hərbçilərin tapşırıqlarını təhlükəsiz və effektiv yerinə yetirməsi üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu gün həyata keçirilən investisiyalar həm həmin kritik məhsulların təchizat zəncirini qoruyacaq, həm də gələcək istehsal imkanlarının inkişafına zəmin yaradacaq.

Proqram iki ayrı müqavilə əsasında icra olunacaq. Birinci müqavilə əks-tədbir sursatlarının istehsalını, ikinci müqavilə isə əqli mülkiyyət hüquqlarının ötürülməsini, istehsal müəssisəsinin yenidən fəaliyyətə başlamasını və texniki dəstək işlərini əhatə edir.

ABŞ Müharibə Nazirliyi bildirib ki, proqram həm qısamüddətli perspektivdə hava platformalarının mühafizəsini gücləndirəcək, həm də uzunmüddətli perspektivdə ölkənin müdafiə sənayesi istehsal infrastrukturunu möhkəmləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Chemring-US  


Bizi "telegram"da izləyin