Pentaqon əlavə müdafiə büdcəsi tələbinin 67 milyard dollar olduğunu açıqlayıb

2026/06/1782378170.jpg
Oxunub: 300     12:59     25 İyun 2026    
ABŞ Müharibə Nazirliyi (Pentaqon) Konqresdən tələb edilən əlavə müdafiə büdcəsinin 67 milyard dollar olduğunu və bu vəsaitin ordunun döyüş hazırlığının qorunması baxımından kritik əhəmiyyət daşıdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell “X” sosial şəbəkəsində paylaşım edib.

Parnell bildirib ki, Müharibə Nazirliyinin əlavə büdcə tələbi 67 milyard dollar təşkil edir.

Onun sözlərinə görə, bu vəsait ordunun mümkün böhranlara qarşı hazırlıqlı qalması üçün zəruridir.

Pentaqon rəsmisi həmçinin müdafiə sahəsinə ayrılması nəzərdə tutulan 350 milyard dolların uzunmüddətli investisiya xarakteri daşıdığını vurğulayıb.

Şon Parnell qeyd edib ki, 350 milyard dollarlıq vəsait “Golden Dome” (Qızıl Qübbə) layihəsinə, kritik mineral tədarük zəncirlərinin ABŞ-yə qaytarılmasına, sursat istehsalının artırılmasına və hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.

O bildirib ki, bu investisiyalar ABŞ-nin hərbi üstünlüyünü uzun illər ərzində qoruyub saxlamasına kömək edəcək.

Parnell əlavə edib ki, layihələr ölkə daxilində minlərlə yeni iş yerinin yaradılmasına da şərait yaradacaq.

Xatırladaq ki, 2026-cı il iyunun 19-da ABŞ Müharibə Nazirliyinin İranla müharibə və digər xərclərlə əlaqədar Konqresdən 80 milyard dollar əlavə büdcə istədiyi barədə məlumat yayılmışdı.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq ötən həftə keçirdiyi görüşlərdə Konqres üzvlərinə əlavə büdcə tələbi ilə bağlı məlumat vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin