Ordu.az xəbər verir ki, qərarın səbəbi kimi artan xərclər, uzunmüddətli gecikmələr və layihə üzrə risklərin yüksəlməsi göstərilib.
Almaniya müdafiə naziri Boris Pistorius və digər yüksəkvəzifəli şəxslər altı F126 freqatının tikintisi ilə bağlı planların ləğv ediləcəyini sənaye nümayəndələri və parlament üzvlərinə çatdırıblar.
Müdafiə Nazirliyinin məlumatına görə, proqramın davam etdirilməsi halında ümumi xərcin 18 milyard avronu keçəcəyi gözlənilirdi.
Layihə ilkin mərhələdə altı gəmi üçün təxminən 10 milyard avro dəyərində qiymətləndirilmişdi. Almaniya mətbuatının məlumatına görə, proqram çərçivəsində indiyədək təxminən 2,3 milyard avro vəsait xərclənib.
F126 layihəsinin əsası 2020-ci ildə qoyulmuşdu. Niderlandın “Damen Naval” şirkəti əvvəlcə dörd gəmi üçün müqavilə əldə etmiş, sonradan sifariş altı gəmiyə qədər artırılmışdı.
Nazirlik bildirib ki, əsas podratçının dəyişdirilməsi əlavə xərclər yaradacaq və dövlətin mövcud podratçıdan kompensasiya tələb etmək imkanlarını məhdudlaşdıracaqdı.
Qərardan sonra layihənin yeni əsas podratçısı olmağa hazırlaşan RHEINMETALL şirkətinin səhmləri 12-13 faiz dəyər itirib.
F126 sinfinə məxsus freqatlar Almaniya Hərbi Dəniz Qüvvələrinin tarixində ən iri və ən iddialı platformalardan biri hesab olunurdu. Uzunluğu 166 metr, suüstü subasımı qabiliyyəti isə 10 min tondan çox olan gəmilər çoxməqsədli döyüş platformaları kimi nəzərdə tutulmuşdu.
Layihənin əsas məqsədlərindən biri Baltik dənizi və Şimali Atlantikdə sualtı qayıqlara qarşı mübarizə imkanlarını gücləndirmək idi.
Berlin artıq daha kiçik və nisbətən aşağı xərcli platformalara üstünlük verməyə qərar verib. Yeni plana əsasən, Almaniya ümumilikdə səkkiz MEKO sinfinə məxsus freqat əldə etməyi nəzərdə tutur.
Bu ilin mart ayında Almaniya TKMS şirkətinə istehsal ediləcək dörd MEKO A-200 freqatı sifariş vermişdi. Yeni qərara əsasən, bu say səkkizə çatdırılacaq.
Təxminən 120 metr uzunluğa və 4200 ton subasımı qabiliyyətinə malik olacaq MEKO A-200 freqatları F126 layihəsi ilə müqayisədə daha kompakt platformalar hesab edilir.
Məlumata görə, Almaniya 2030-cu ilə qədər silahlı qüvvələrinin modernləşdirilməsi üçün 780 milyard avroya qədər müdafiə xərcləri həyata keçirməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az