Yaxın Şərqdə dual süqut: İki dominant nizamın eyni anda dağıldığı “tarixi boşluq”

2026/03/1773226504.jpg
Oxunub: 223     22:38     24 İyun 2026    
İsrail və ABŞ-nin fevralın 28-də İrana qarşı başlatdığı hücumlar aprel ayının əvvəlində böyük ölçüdə səngiyib və ötən günlərdə Pakistanın vasitəçiliyi ilə imzalanan memorandum diplomatik həll yoluna doğru mühüm addım olub. İsveçrədə davam edən danışıqlar isə daimi atəşkəsin əldə olunması baxımından kritik mərhələ kimi qiymətləndirilir.

Müharibə yalnız Tehran ilə ABŞ və İsrail arasındakı gərginliyi dərinləşdirməklə kifayətlənməyib, eyni zamanda Yaxın Şərqin təhlükəsizlik arxitekturasını yenidən formalaşdıran mühüm transformasiya prosesini də sürətləndirib. Bu prosesdə münaqişənin birbaşa tərəfi olmayan, lakin böhranın gedişinə təsir göstərən regional aktorlar və diplomatik-siyasi idarəçilikdə ön plana çıxan bəzi şəxslər diqqət çəkir. Bu yazı sözügedən regional transformasiyanı Türkiyə, Pakistan və Qətərin böhran dövründəki mövqeləri, eləcə də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Asim Munirin qarşıdakı dövrdə oynaya biləcəyi mümkün rollar üzərindən təhlil etməyi hədəfləyir.

Yaxın Şərqdə iki nizamın süqutu

11 sentyabr hücumları Yaxın Şərqi köklü struktur dəyişikliklərinin astanasına gətirdi. ABŞ İraq və Əfqanıstanı işğal edərək hər iki ölkədə dövlət hakimiyyətinin zəifləməsinə və institusional strukturun dağılmasına səbəb oldu, daha sonra regiondan çəkilməsi ilə ciddi güc və təhlükəsizlik boşluqları yaratdı. Bu boşluqları revizionist xarici siyasətlə dolduran İran Suriya, Livan, İraq və Yəməndə rejimlər və ictimai aktorlarla qurduğu əlaqələr vasitəsilə 2020-ci illərin əvvəllərinə qədər regionun dominant aktoruna çevrildi.

İran təhlükəsindən narahat olan aktorların ABŞ və İsrailin təhlükəsizlik təminatlarına yönəlməsi İranın qarşısında İsrail mərkəzli yeni blokun formalaşmasına səbəb oldu. “İbrahim Razılaşmaları” ilə Körfəz ölkələrinin İsrailə yaxınlaşdığı proses başlandı. 7 oktyabrdan sonra İsrail ABŞ-nin hərbi-iqtisadi dəstəyi və normallaşma prosesinə qoşulan Körfəz ölkələrinin dolayı razılığı ilə əvvəlcə İranın regional proksi qüvvələrini, daha sonra isə birbaşa İranı hədəfə alaraq Tehranın 2000-ci ildən sonra qurduğu təsir imkanlarını ciddi şəkildə zəiflətdi.

İran mərkəzli nizam dağılarkən İsrail mərkəzli yeni nizam formalaşmağa başlayırdı. Lakin müharibənin ikinci mərhələsi kimi qiymətləndirilən fevralın 28-dən sonra İranın artan cavab hücumları İsraili həm hərbi baxımdan yordu, həm də diplomatik baxımdan regional və qlobal təcridə sürükləyərək yeni güc boşluğuna səbəb oldu.

7 oktyabrdan sonra başlayan müharibə başlanğıcda İran mərkəzli nizamı tamamilə aradan qaldıraraq onun yerində İsrail mərkəzli yeni nizam qurmağı hədəfləyirdi. Lakin İsrailin müharibə boyu aldığı ağır zərbələr bu yeni nizamı hələ formalaşmadan zəiflətdi. Bu gün gəlinən nöqtə bir nizamın deyil, iki nizamın eyni anda qeyri-sabitləşdiyi keçid mərhələsini göstərir. Yaxın Şərqdə köhnə nizam dağılıb, yenisi isə hələ qurulmayıb.

Yaxın Şərq regional nizamının yeni aktorları

İran və İsrailin qarşılıqlı zərbələr nəticəsində zəifləməsi ilə yaranan güc və təhlükəsizlik boşluqları, ABŞ və İsrailin hücumlarından sonra İranda hakimiyyətin yuxarı eşalonlarında meydana çıxan boşluq və müharibənin çıxılmaz vəziyyətə düşdüyü dövrdə Pakistanın nümayiş etdirdiyi həll yönümlü yanaşma kimi amillər yeni regional nizamda üç dövləti və iki siyasi fiquru ön plana çıxarıb.

Müharibədən sonrakı dövrdə regional təsirini ən çox artıracağı gözlənilən aktorların başında Türkiyə gəlir. Yaranan geosiyasi boşluqları doldurmaq potensialına malik olan Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin daxil olduğu yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında aparıcı rol oynayır. Müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, regional böhranlara həll istehsal etmək qabiliyyəti və xüsusilə Suriyadakı transformasiya prosesində oynadığı fəal rol Türkiyəni yeni dövrün əsas aktorlarından birinə çevirib.

Regional balans baxımından qiymətləndirildikdə, həm İran, həm də İsrail mənşəli təhlükəsizlik təhdidlərindən narahat olan və iki revizionist güc arasındakı qarşıdurmanın mənfi təsirlərinə məruz qalan ölkələr Türkiyəni regional sabitliyin qorunmasında kritik tərəfdaş kimi görür. Türkiyənin hərbi çəkindirmə potensialı, siyasi sabitliyi, müdafiə sənayesindəki uğurları və region ölkələri ilə malik olduğu tarixi və mədəni əlaqələr bu yanaşmanın güclənməsində əsas amillər kimi çıxış edir.

Rolunun artacağı gözlənilən ikinci ölkə isə Pakistandır. Müharibənin çıxılmaz mərhələyə çatdığı vaxt tərəfləri İslamabadda danışıqlar masası arxasına əyləşdirməyə nail olan və “mekik diplomatiyası” vasitəsilə diplomatik həllə mühüm töhfə verən Pakistanın beynəlxalq nüfuzu tarixində görünməmiş səviyyəyə yüksəlib. Bu nəticə Pakistanın mövcudluq xarakterli rəqibi olan Hindistan qarşısında həm Körfəz ölkələri, həm İran, həm də ABŞ nəzdində nüfuz qazanmasına və strateji üstünlüklər əldə etməsinə şərait yaradıb.

Pakistan qədər olmasa da, mühüm rol oynayan Qətər isə İranın cavab hücumlarından digər Körfəz ölkələri ilə müqayisədə daha az təsirlənib və danışıqlardakı konstruktiv mövqeyi sayəsində Körfəz daxilində nüfuzunu artırıb. İranla ortaq qaz yatağını istismar edən və Hörmüz boğazının bağlanması nəticəsində ixrac imkanlarını itirən Doha diplomatik həllin uğur qazanması ilə yenidən qlobal enerji bazarlarına qayıtmaq imkanı əldə edib.

Siyasi səhnədə baş verən dəyişikliklərin önünü açdığı ən mühüm şəxs isə şübhəsiz ki, Qalibafdır. Karyerasına İnqilab Keşikçiləri Korpusunda hərbçi kimi başlayan Qalibaf sonradan Hərbi Hava Qüvvələrinin komandanı, polis rəisi, Tehran meri və parlament sədri vəzifələrinə qədər yüksəlib. Keçmiş Ali Rəhbərin hərbi strukturlar arasında koordinasiyanı təmin etmək üçün vəzifələndirdiyi və Müctəba Xameneinin ən çox etibar etdiyi şəxslərdən biri olan Qalibaf böhrandan sonra İranın siyasi sistemində ən güclü aktorlardan birinə çevrilməyə namizəd görünür. İranda geniş ictimai dayağa malik olmasa da, rejim daxilindəki güclü institusional əlaqələri və dəstək mexanizmləri sayəsində ölkənin gələcəyində kritik rol oynaya biləcək potensiala malikdir. Bu vəziyyət gələcəkdə də İranın sərt xətt tərəfdarı olan kadrlar tərəfindən idarə ediləcəyinə işarə edir.

Bu prosesdən əvvəl adı çox az tanınan Asim Munir isə danışıqlar prosesini şəxsən idarə etməsi sayəsində müharibədən sonra ən çox müzakirə olunan şəxslərdən birinə çevrilib. Xüsusilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens başda olmaqla yüksək səviyyəli beynəlxalq liderlərin Munirə ünvanladıqları səmimi təşəkkür və təriflər onun təkcə Pakistan daxilində deyil, qlobal miqyasda da tanınan fiqura çevrilməsinə səbəb olub. Bu inkişaf Muniri həm Pakistan siyasətində, həm də Yaxın Şərq diplomatiyasında daha görünən mövqeyə çıxarıb.

Pakistanda Hindistana qarşı aparılan geosiyasi rəqabət səbəbindən orduya xüsusi əhəmiyyət verildiyi və hərbçilərin yüksək nüfuza malik olduğu məlum həqiqətdir. Lakin Munir özünəməxsus diplomatik bacarığı və böhranların idarə olunmasındakı uğuru ilə bu struktur üstünlüyü daha da irəli apararaq regionun aparıcı siyasi fiqurlarından birinə çevrilib.

Yaxın Şərqdə onilliklər boyu hökm sürən İran revizionizmi ilə İsrail mərkəzli təhlükəsizlik axtarışlarının eyni vaxtda sarsılması regionu “köhnənin öldüyü, yeninin isə hələ doğulmadığı” kritik keçid mərhələsinə salıb. Lakin bu tarixi boşluq təkcə xaosun deyil, eyni zamanda həll yönümlü yeni güc mərkəzlərinin də xəbərçisidir. Türkiyənin müdafiə texnologiyaları vasitəsilə formalaşdırdığı “təhlükəsizlik ixrac edən” model və Pakistanın qlobal böhranlarda üzərinə götürdüyü vasitəçilik rolu regionun gələcəyinin artıq yalnız dağıdıcı güc tətbiqi ilə deyil, proaktiv diplomatiya və texnoloji çəkindirmə vasitəsilə formalaşacağını göstərir. Hər ikisi hərbi keçmişə malik olan Qalibaf və Munir kimi fiqurların yüksəlişi yeni nizamda institusional yaddaşın və hərbi intizamın müəyyənedici rol oynayacağını göstərir. Qətər nümunəsində göründüyü kimi iqtisadi təhlükəsizlik və diplomatik çeviklik də əvəzolunmaz amillər olaraq qalmağa davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İran  


Bizi "telegram"da izləyin