Ordu.az xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin Ed-Damazin şəhərində yerləşən 4-cü Piyada Diviziyası 13-cü Piyada Briqadasının qüvvələrinin Abdəqla və Aşambo ərazilərindən kənara uzanan genişmiqyaslı təmizləmə əməliyyatı həyata keçirdiyini bildirib.
Hərbi mənbələrin məlumatına görə, əməliyyat nəticəsində Cozef Tukanın rəhbərlik etdiyi SPLM-N qruplaşmasının dayaq məntəqəsi hesab olunan Əl-Bar bölgəsi ələ keçirilib.
Sudan Silahlı Qüvvələri əməliyyat zamanı silah və hərbi texnikanın ələ keçirildiyini, həmçinin bir neçə döyüşçünün əsir götürüldüyünü açıqlayıb.
Mavi Nil əyalətində döyüşlər yanvar ayından davam edir. Tərəflər müxtəlif mövqelər üzərində nəzarəti dəfələrlə dəyişib. Toqquşmalar nəticəsində on minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.
Bu arada Çevik Dəstək Qüvvələrinin səhra komandirləri Şimali Darfur əyalətində yerləşən Furuaviya bölgəsinin nəzarətə götürüldüyünü açıqlayıblar.
Məlumata görə, bu irəliləyiş Ambro bölgəsinin ələ keçirilməsindən bir gün sonra baş verib. Qruplaşma ötən həftə Ambro rayonundakı Orşi Su Anbarı ərazisinə də nəzarəti ələ keçirdiyini bildirmişdi.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Orşi Su Anbarı və ətraf kəndlərdən ötən həftə 2200-dən çox insan köçkün düşüb.
Digər tərəfdən, bir sıra təşkilatlar və ictimai qurumlar Mellitin şərqində yerləşən Əs-Siyah bazarına endirilən pilotsuz uçuş aparatı zərbəsini pisləyiblər.
Məlumatlara görə, hücum nəticəsində bazar tamamilə yanaraq məhv olub, çoxsaylı insan həlak olub və yaralanıb, ciddi maddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, dörd gün əvvəl Sari bölgəsində toy karvanına da zərbə endirilib və nəticədə 14-dən çox mülki şəxs həlak olub.
BMT və beynəlxalq təşkilatlar Sudan müharibəsində tərəflərin həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumlarını dəfələrlə pisləyiblər. Beynəlxalq qiymətləndirmələrə görə, yalnız bu ilin əvvəlindən etibarən belə hücumlar nəticəsində mindən çox insan həyatını itirib.
Sevinc Əliyeva
Ordu.az