Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Mark Rütte “Fox News” telekanalına müsahibəsində Avropanın faktiki olaraq ABŞ-nin güc nümayişi üçün platforma rolunu oynadığını bildirib.
O iddia edib ki, İranla qarşıdurma dövründə yüzlərlə ABŞ təyyarəsi İtaliyadakı bazalardan istifadə edib və Avropadakı bazalardan həyata keçirilən uçuşların ümumi sayı minlərlə olub.
Rüttenin sözlərinə görə, əməliyyatlar zamanı yalnız İtaliya bazalarından təxminən 500 ABŞ təyyarəsi havaya qalxıb, Avropa üzrə ümumi uçuşların sayı isə 4-5 minə çatıb.
İtaliya Müdafiə Nazirliyi isə bu açıqlamaların yanlış təsəvvür yaratdığını bildirib.
Nazirliyin yaydığı bəyanatda vurğulanıb ki, mövcud razılaşmalar çərçivəsində ABŞ-yə yalnız texniki və logistika xarakterli uçuşlara icazə verilib, döyüş tapşırıqları üçün istifadə olunmasına razılıq verilməyib.
Rəsmi Roma qeyd edib ki, bu çərçivədən kənar hər hansı fəaliyyət hökumətin ayrıca təsdiqini tələb edir və belə qərarlar parlament nəzarəti altında qəbul olunmalıdır.
Daha sonra NATO rəsmiləri də açıqlama verərək bildiriblər ki, Mark Rüttenin dedikləri İtaliyanın döyüş əməliyyatlarında iştirakı deyil, yalnız logistika və texniki dəstək fəaliyyətləri ilə bağlı olub.
Məsələ ABŞ və İtaliya arasında münasibətlərdə mövcud gərginlik fonunda gündəmə gəlib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İtaliyanı İrana qarşı əməliyyatlara kifayət qədər dəstək verməməkdə tənqid etmişdi.
Bu açıqlamalar Vaşinqton və İtaliyanın Baş naziri Corcia Meloni arasında ictimai mübahisələrin yaranmasına səbəb olmuşdu.
Sevinc Əliyeva
Ordu.az