ABŞ süni zəka ilə idarə olunan PUA sürüsünü sınaqdan keçirib

2026/06/kompo-1782318251.jpg
Oxunub: 180     20:24     24 İyun 2026    
ABŞ-nin “Palladyne AI” şirkəti ABŞ ordusunun “Ivy Mass” təlimi çərçivəsində süni zəka ilə dəstəklənən Pilotsuz Uçuş Aparatı (PUA) sürüsünün uğurlu sınağını həyata keçirib.

Ordu.az xəbər verir ki, nümayiş zamanı bir əsgərin eyni vaxtda bir neçə avtonom hava platformasını idarə edə bildiyi göstərilib.

Məlumata görə, sistem ordunun Yeni Nəsil Komanda və İdarəetmə (NGC2) şəbəkəsinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərib.

Təlim çərçivəsində şirkətin SwarmOS avtonom idarəetmə proqramı kəşfiyyat, müşahidə və informasiya toplama missiyalarında istifadə edilən müxtəlif PUA-lar, eləcə də təkrar istifadə oluna bilən Gremlin-X mini bombardman platforması ilə birlikdə sınaqdan keçirilib.

Sistem rabitənin ciddi şəkildə məhdudlaşdırıldığı və bulud bağlantısının olmadığı şəraitdə belə platformaların tapşırıqları avtonom şəkildə əlaqələndirməsinə və yerinə yetirməsinə imkan verib.

NGC2 şəbəkəsinə inteqrasiya sayəsində hədəf məlumatları komanda şəbəkəsi vasitəsilə real vaxt rejimində paylaşılıb, koordinasiya proseslərinin böyük hissəsi isə süni zəka tərəfindən həyata keçirilib.

“Palladyne AI” tərəfindən hazırlanmış SwarmOS proqramı eyni vaxtda fəaliyyət göstərən çoxsaylı avtonom PUA-ların bir operator tərəfindən idarə edilməsinə şərait yaradır.

Şirkətin məlumatına görə, proqram ölçü, çəki və enerji sərfiyyatı baxımından məhdud imkanlara malik avadanlıqlarda işləyə biləcək şəkildə hazırlanıb. Bunun sayəsində süni zəka əsaslı qərar qəbuletmə mexanizmləri və real vaxt adaptasiya imkanları mərkəzləşdirilmiş bulud infrastrukturuna ehtiyac olmadan birbaşa sahədə tətbiq oluna bilir.

“Palladyne AI” şirkətinin texnologiyalar üzrə direktoru və həmtəsisçisi Denis Qaraqiç bildirib ki, həyata keçirilən nümayiş döyüş meydanında avtonom idarəetmə sahəsində mühüm texniki mərhələnin keçildiyini göstərir.

Onun sözlərinə görə, SwarmOS müxtəlif PUA-ları koordinasiyalı fəaliyyət göstərən çoxsensorlu komandaya çevirərək operatorlara döyüş meydanı barədə daha geniş situasiya məlumatlılığı təqdim edir.

Şirkət həmçinin vurğulayıb ki, sistem operatorun üzərinə düşən yükü əhəmiyyətli dərəcədə azaldır. Belə ki, məhdud hazırlığa malik bir hərbçi vahid istifadəçi interfeysi vasitəsilə çoxsaylı PUA-ları eyni vaxtda idarə edə bilir.

“Palladyne Aerospace and Defense” şirkətinin prezidenti Duq Dayns isə bildirib ki, təlim süni zəka ilə dəstəklənən avtonom sistemlərin ABŞ Müdafiə Nazirliyinin prioritet hesab etdiyi tapşırıqlarda daha sürətli hədəf aşkarlama və zərbə zənciri formalaşdırmaq potensialını nümayiş etdirib.

Onun sözlərinə görə, “Ivy Mass” təlimi şirkətin avtonom idarəetmə həllərinin birbaşa döyüş meydanında istifadə olunacaq hərbçilərin ixtiyarına verilməsinə imkan yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Ordu  


Bizi "telegram"da izləyin