Ordu.az xəbər verir ki, ABŞ ordusu generalın iyulun 2-də komandanlığı təhvil verəcəyini açıqlayıb.
Məlumata görə, onun vəzifələrini müvəqqəti olaraq müavini general-mayor Kristofer Norri icra edəcək.
“Financial Times” qəzetinin yazdığına görə, general Donahyunun vəzifədən ayrılması ABŞ müharibə naziri Pit Heqsetin həyata keçirdiyi rəhbərlik dəyişikliklərinin tərkib hissəsidir.
Bildirilir ki, Pentaqonun planlarına uyğun olaraq bəzi yüksək vəzifəli hərbi postların statusu aşağı salınacaq və rəhbər vəzifələrin sayı azaldılacaq.
General Donahyu ABŞ ordusunun Avropadakı qüvvələrinə rəhbərlik etməklə yanaşı, NATO-nun quru qoşunlarının komandanı vəzifəsini də icra edir. Böyükmiqyaslı münaqişə halında o, həm ABŞ, həm də müttəfiq ölkələrin bir neçə korpusuna rəhbərlik edə bilər.
Donahyu İraq, Suriya və digər əməliyyat bölgələrində xidmət etmiş təcrübəli zabit kimi tanınır.
O, xüsusilə 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı ölkəni tərk edən sonuncu amerikalı hərbçi olması ilə geniş tanınıb.
Bundan əlavə, general 2014-cü ildə ABŞ-nin Benqazidəki terror hücumunda iştirak etdiyi bildirilən şəxsin tutulması əməliyyatına da rəhbərlik edib.
Nəşrin məlumatına görə, bir sıra keçmiş yüksəkvəzifəli hərbçilər Pit Heqsetin kadr qərarlarının silahlı qüvvələr daxilində narahatlıq yaratdığını düşünürlər.
ABŞ xüsusi əməliyyatları və kəşfiyyat sahəsi üzrə ekspert Şon Neylor bildirib ki, Donahyu İraq və Əfqanıstandakı ən çətin dövrlərdə elit bölmələrə rəhbərlik etmiş və həm xüsusi təyinatlı qüvvələr, həm də ənənəvi qoşunlar arasında böyük hörmət qazanmış zabitdir.
Sevinc Əliyeva
Ordu.az