Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Şirkət Pentaqonun onu Çin hərbi strukturları ilə əlaqəli hesab edilən təşkilatlar siyahısına daxil etməsinə etiraz edir. İddia ərizəsi çərşənbə axşamı Kaliforniya ştatının San-Xose şəhərindəki federal məhkəməyə təqdim edilib.
Şirkətin bəyanatında qeyd olunur ki, ABŞ hərbi qurumunun qərarı “özbaşına və əsassızdır”, həm faktiki, həm də hüquqi baxımdan əsaslardan məhrumdur.
Agentliyin məlumatına görə, Pekin rəsmiləri “Alibaba”nın Çin Silahlı Qüvvələri ilə heç bir əlaqəsinin olmadığını və hərbi-mülki inteqrasiya proqramlarında iştirak etmədiyini bildiriblər.
Şirkət nümayəndəsi vurğulayıb ki, qara siyahıya salınması onun ABŞ-də fəaliyyətinə ciddi zərər vurur. Buna görə də şirkət məhkəmə vasitəsilə həmin siyahıdan çıxarılmasını tələb edir.
Pentaqonun açıqladığı siyahıya təxminən 80 şirkət və onların törəmə qurumları daxil edilib. Onların arasında Çin internet nəhəngi “Baidu” və elektromobil istehsalçısı BYD də yer alır. Hər iki şirkət daha əvvəl siyahıya daxil edilmələri üçün əsas görmədiklərini bəyan etmişdi.
Yeni qaydalara əsasən, iyunun 30-dan etibarən ABŞ Müharibə Nazirliyi siyahıda yer alan şirkətlərlə və onların nəzarət etdikləri törəmə qurumlarla yeni müqavilələr bağlaya bilməyəcək. Bundan əlavə, həmin şirkətlərin ABŞ-də lobbiçilik xidmətlərindən istifadə imkanları da məhdudlaşdırılacaq.
“Alibaba”nın iddiasında qeyd olunur ki, bu addım ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin edilən hüquqların pozulmasına səbəb olur.
Şirkətin məlumatına görə, qərarın mənfi təsirləri artıq hiss olunmağa başlayıb. Uzun illər “Alibaba” ilə əməkdaşlıq etmiş bəzi amerikalı məsləhətçilər və lobbiçilər əməkdaşlığı dayandırdıqlarını bildiriblər.
Məhkəmə sənədlərində vurğulanır ki, “Alibaba” elektron ticarət və bulud texnologiyaları sahəsində fəaliyyət göstərən açıq səhmdar cəmiyyətidir. Şirkətin ən iri səhmdarları sırasında ABŞ-nin aparıcı maliyyə institutlarından olan “JPMorgan Chase”, “Citigroup” və “BlackRock” da yer alır.
Sevinc Əliyeva
Ordu.az