Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, görüş NATO daxilində yük bölgüsü, müdafiə xərclərinin artırılması və ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazı ilə bağlı məsələlərin müzakirə edildiyi dövrdə baş tuta bilər.
Parlamentdə jurnalistlərin Trampla ayrıca görüşün planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualını cavablandıran Ərdoğan “Bu, böyük ehtimalla baş tutacaq” deyib, lakin əlavə təfərrüat verməyib.
Türkiyə rəsmilərinin sözlərinə görə, sammitin gündəliyində müdafiə xərcləri və təhlükəsizlik arxitekturasının transformasiyası ilə bağlı əsas məsələlər yer alacaq.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, Ankara 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı, əlavə 1,5 faizi isə əlaqəli müdafiə ehtiyaclarına yönəltməyi planlaşdırır.
Sammitdə həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri səviyyəsində təmsil olunacağı gözlənilir.
Türkiyə NATO sammitinə 2026-cı il iyulun 7-si və 8-də ev sahibliyi edəcək. Tədbirdə alyansın 32 üzv ölkəsinin liderləri və tərəfdaş dövlətlərin nümayəndələri iştirak edəcəklər.
Sevinc Əliyeva
Ordu.az