Meloni: “NATO-nun Avropa komponenti gücləndirilməlidir”

2026/06/1782323544.jpg
Oxunub: 246     21:42     24 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloni NATO-nun Avropa komponentinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, Meloni bu barədə Berlin şəhərində keçirilən E5 müdafiə qrupunun sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderlərinin iştirak etdiyi görüşdən sonra danışan Meloni Avropanın müdafiə və təhlükəsizlik sahəsində daha böyük məsuliyyət daşımalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırkı qlobal təhlükəsizlik arxitekturası sürətlə dəyişir və Avropa bu dəyişikliklərə uyğun şəkildə hərəkət etməlidir.

“Avropa müdafiə və təhlükəsizlik sahəsində öz məsuliyyətini üzərinə götürməli, Atlantik Alyansının daha güclü və daha möhkəm Avropa komponentinin formalaşdırılması istiqamətində atdığı addımları qətiyyətlə davam etdirməlidir”, - deyə Meloni bildirib.

İtaliya hökumət başçısı vurğulayıb ki, Avropa komponenti ABŞ sütununu tamamlamalı, mövcud imkanlardan istifadə etməli və güclü Avropa müdafiə sənayesi bazasının yaradılmasını təşviq etməlidir.

Qeyd edək ki, E5 qrupu Avropanın ən böyük beş hərbi gücü və müdafiə xərclərinə malik ölkələri olan Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyanı birləşdirən qeyri-rəsmi siyasi və müdafiə koordinasiya platformasıdır.

2024-cü ilin sonunda yaradılmış qrup NATO və Avropa İttifaqı ilə paralel fəaliyyət göstərərək qitənin müdafiə qabiliyyətinin gücləndirilməsini və silah tədarükü proseslərinin daha səmərəli təşkilini hədəfləyir.

Berlin sammitinin əsas məqsədi 2026-cı il iyulun 7-si və 8-də Ankarada keçiriləcək NATO sammiti üçün hazırlıq işlərinin koordinasiyası olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya   NATO  


Bizi "telegram"da izləyin