Ordu.az xəbər verir ki, Kokoriç bu barədə “C4Defence” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, “Destinus” əvvəlcə hipersəs mülki aviasiya konsepsiyası əsasında yaradılıb. Lakin Avropanın təhlükəsizlik mühitində baş verən dəyişikliklər şirkətin strateji istiqamətini yenidən müəyyənləşdirib.
Kokoriç bildirib ki, Avropanın əsas problemi artıq təhlükəni müəyyən etmək deyil, mövcud təhlükələrə qarşı sürətlə tətbiq oluna bilən imkanlar formalaşdırmaqdır.
“Son illərin əsas dərsi budur ki, Avropa artıq təhlükəni tanımaq mərhələsini keçib. Əsas məsələ təcili ehtiyacları genişmiqyaslı və tətbiq edilə bilən hərbi imkanlara çevirməkdir”, - deyə o bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, “Destinus” hazırda mühərrik texnologiyaları, idarəetmə sistemləri, avtonom həllər və təkrarlana bilən sənaye istehsalı əsasında zərbə və hava hücumundan müdafiə sistemlərinin yaradılmasına fokuslanıb.
Kokoriç qeyd edib ki, Avropanın ən ciddi problemlərindən biri dərin zərbə imkanlarının məhdud olmasıdır. Onun fikrincə, qitənin yalnız yüksək texnologiyalı layihələrə deyil, həm də geniş miqyasda istehsal edilə və sürətlə silahlanmaya qəbul oluna bilən sistemlərə ehtiyacı var.
Şirkət rəhbəri Ukraynadakı müharibənin müdafiə sənayesi üçün mühüm dərslər ortaya qoyduğunu vurğulayıb.
Onun sözlərinə görə, müasir döyüş şəraitində əsas amillər aşağı xərc, yüksək istehsal sürəti və radioelektron mübarizə şəraitində fəaliyyət qabiliyyətidir.
Kokoriç bildirib ki, döyüş meydanından əldə edilən məlumatlar “Ruta” sisteminin inkişafında mühüm rol oynayıb və şirkətdə “döyüş meydanından istehsalata” prinsipi tətbiq olunur.
Bu model çərçivəsində əməliyyat təcrübəsi, döyüş istifadəsi, yenidən layihələndirmə və təkrar sınaqlar vahid dövrə şəklində həyata keçirilir.
Müsahibədə “Rheinmetall” ilə əməkdaşlığa da toxunulub. Kokoriç qeyd edib ki, bu tərəfdaşlıq Almaniya müdafiə sənayesinin istehsal gücü, sertifikatlaşdırma imkanları və sənaye etibarlılığı ilə “Destinus”un texnoloji imkanlarını birləşdirir.
Onun sözlərinə görə, əməkdaşlıq NATO və Avropa ölkələri üçün yeni zərbə sistemlərinin hazırlanmasına və geniş istehsalına imkan yaradacaq.
Şirkət rəhbəri bildirib ki, Almaniya Avropada müdafiə sənayesinin dərinliyi, siyasi çəkisi və sənaye potensialının bir araya gəldiyi əsas ölkələrdən biridir. Bu səbəbdən “Rheinmetall” ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Kokoriç “Destinus”un son beş ildə sürətlə inkişaf etməsinin əsas səbəbinin vahid texnoloji arxitekturaya əsaslanan istehsal modeli olduğunu deyib.
“Şirkət müxtəlif məhsullar üçün ayrıca həllər hazırlamaq əvəzinə, ortaq mühərriklər, idarəetmə sistemləri, axtarış başlıqları, avtonom idarəetmə texnologiyaları və rabitə həllərindən istifadə edir. Bu yanaşma yeni məhsulların daha sürətli hazırlanmasına və kütləvi istehsalın təşkilinə imkan verir”, - deyə o qeyd edib.
Kokoriç hesab edir ki, hazırda Avropa müdafiə sənayesinin əsas problemi ideya çatışmazlığı deyil, bu ideyaların sertifikatlaşdırılmış və böyük həcmdə istehsal edilən sistemlərə çevrilməsidir.
Sevinc Əliyeva
Ordu.az