Ordu.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, İran hazırda onun “tələsinə düşüb” və çətin vəziyyətdədir.
“İran indi mənim tələmə düşüb və çıxılmaz vəziyyətdədir. Onlar istənilən güzəştə getməyə hazırdırlar. Son onilliklər ərzində ilk dəfədir ki, Tehran ABŞ-yə və onun prezidenti olaraq mənə bu qədər böyük hörmət göstərir”, - deyə Tramp yazıb.
O, eyni zamanda ABŞ Senatında İranla bağlı hərbi səlahiyyətlərin məhdudlaşdırılması barədə keçirilən səsverməni tənqid edib.
Trampın sözlərinə görə, belə addımlar dünyanın əsas terroru dəstəkləyən dövlətinə ABŞ-nin onun siyasətini dəstəkləmədiyi barədə yanlış siqnal verir.
ABŞ Prezidenti qeyd edib ki, Senatda qəbul edilən qətnaməni dəstəkləyən “dörd uğursuz respublikaçı” onun işini çətinləşdirib.
“Onlar mənim işimi çətinləşdirdilər, amma yenə də məqsədimə çatacağam. Çünki başladığım işi həmişə sona çatdırıram”, - deyə Tramp əlavə edib.
Sevinc Əliyeva
Ordu.az