Malayziya AKSUNGUR PUA-ları tədarük edəcək

2026/06/Ekran-1782287250.jpg
Oxunub: 266     11:40     24 İyun 2026    
Hazırda inventarında 3 ədəd ANKA PUA-sı olan Malayziyanın əlavə olaraq 3 ədəd AKSUNGUR Pilotsuz Uçuş Aparatı (PUA) tədarük edəcəyi bildirilib.

Ordu.az xəbər verir ki, daha əvvəl TUSAŞ-dan ANKA PUA-ları alan Malayziya ikinci mərhələdə 3 ədəd AKSUNGUR PUA-sı əldə edəcək.

Beləliklə, Malayziya Hərbi Hava Qüvvələrinin inventarında 3 ədəd ANKA-S və 3 ədəd AKSUNGUR-dan ibarət park formalaşacaq. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, AKSUNGUR platformalarının radioelektron mübarizə tapşırıqları üçün alınacağı ehtimal edilir.

Malayziyanın müdafiə naziri Xalid Nordin bildirib ki, ANKA-S sisteminin istismara verilməsi ölkənin müdafiə və dəniz müşahidə imkanlarının gücləndirilməsi istiqamətində strateji sıçrayışdır.

“Bernama” agentliyinin məlumatına görə, nazir Türkiyə istehsalı olan bu PUA-nın xüsusilə Cənubi Çin dənizi də daxil olmaqla strateji dəniz ərazilərində daha əvvəl mümkün olmayan əməliyyat nəzarətini təmin etdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu imkan Malayziyaya milli təhlükəsizliyin və suverenliyin qorunması üçün məlumat toplama sahəsində mühüm üstünlük qazandırır.

Labuan Hərbi Hava Qüvvələri bazasında keçirilən mərasimdə çıxış edən Nordin qeyd edib ki, ANKA-S dünyanın ən mübahisəli dəniz bölgələrindən birində əvvəllər mövcud olmayan əməliyyat imkanları yaradır.

Malayziya 3 ədəd ANKA-S platformasını 423,8 milyon Malayziya rinqiti, yəni təxminən 90 milyon ABŞ dollarına satın alıb. Bu məbləğə yerüstü idarəetmə stansiyaları və şəxsi heyətin ikiillik hazırlığı da daxildir.

Nazirin sözlərinə görə, ANKA-S 9,1 kilometr yüksəklikdə 24 saatdan çox havada qala bilir və Labuandakı yerləşdirilmə Cənubi Çin dənizində müşahidə fəaliyyətlərini gücləndirməyə xidmət edir.

Nordin vurğulayıb ki, ANKA-S fasiləsiz əməliyyat aparmaq, çətin aşkar olunan bölgələrdə və istənilən hava şəraitində fəaliyyət göstərmək imkanları sayəsində ölkənin gözü və qulağı rolunu oynaya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   AKSUNGUR   PUA  


Bizi "telegram"da izləyin