"İran iqtisadi mexanizmlərin formalaşmasına yönələn təşəbbüsləri dəstəkləyir" - Qalibaf

2026/04/1775835779.jpg
Oxunub: 246     11:53     24 İyun 2026    
İran iqtisadi, ticari, maliyyə, elmi və kollektiv təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına yönələn bütün təşəbbüsləri dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, İslam dünyasının enerji resursları, tranzit imkanları, elmi və insan potensialı müsəlman xalqlarının rifahı naminə istifadə edilməlidir.

“Biz regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görürük. Onu təcriddə deyil, birgəyaşayışda görürük. Təhlükəsizlik və dağıdıcılıqda deyil, ortaq təhlükəsizlikdə görürük”, - deyə İran parlamentinin sədri vurğulayıb.

Qalibaf qeyd edib ki, İran bütün müsəlman ölkələri ilə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, mehriban qonşuluq və ortaq maraqlar prinsipləri əsasında əməkdaşlığı genişləndirməyə hazırdır.

“ABŞ və İsrailin İrana hücumları nəticəsində yüksək vəzifəli hərbi və siyasi rəsmilər, həmçinin əksəriyyəti qadın və uşaqlardan ibarət olan 3 mindən çox İran vətəndaşı həlak olub. 30 mindən çox insan yaralanıb. İranın sənaye, səhiyyə, təhsil, enerji və nəqliyyat infrastrukturu, minlərlə yaşayış və xidmət obyekti hədəfə alınıb”, - deyə o qeyd edib.

Qalibaf deyib ki, İran İslam Respublikası üzləşdiyi çətinliklərə baxmayaraq, təslimçilik siyasətini qəbul etmir və müqavimət yolunu seçir. İran hesab edir ki, davamlı sülh yalnız xalqların hüquqlarına, qarşılıqlı hörmətə, balanslaşdırılmış öhdəliklərə və qanuni maraqlara əsaslandıqda mümkündür”, - deyə o vurğulayıb.

İran parlamentinin sədri bildirib ki, müdafiə qabiliyyəti, milli birlik və diplomatiya təhlükəsizlik və sabitliyin əsas sütunlarıdır.

“Biz hesab edirik ki, güclü müdafiə, milli birlik və diplomatiya bir-birini tamamlayan amillərdir və onların düzgün uzlaşdırılması təhlükəsizliyin və sabitliyin təminatıdır”, - deyə o qeyd edib.

Qalibaf regionun gələcəyinin region ölkələri tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb.

“Heç bir böyük güc öz maraqlarına əsaslanaraq regionumuzun gələcəyi barədə qərar verməməlidir. Regionun taleyini onun xalqları və dövlətləri müəyyən etməlidir. Regional təhlükəsizlik region ölkələrinin özü tərəfindən təmin olunmalıdır. Heç bir dövlət öz təhlükəsizliyini başqa dövlətin təhlükəsizliyinin hesabına qura bilməz”, - deyə o bildirib.

“Təcrübə göstərib ki, Qərbi Asiyada yerləşən xarici hərbi bazalar sabitlik yaratmayıb, əksinə, qeyri-sabitliyin mənbəyinə çevrilib. Bu səbəbdən xarici hərbi qüvvələrin regiondan çıxarılmasını strateji məqsəd hesab edirik”, - deyə o vurğulayıb.

Qalibaf çıxışının sonunda İranın bütün İslam ölkələrinə qardaşlıq və əməkdaşlıq əlini uzatdığını vurğulayıb və müsəlman dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin